“Rüşvət videosu” təzə çıxandan bəri bəzi YAP-çıların sığındıqları bir “arqument” var, dünən də onu Bahar Muradova təkrarladı. Sitat: “”Videoqalmaqal”dan göründü ki, bu “alver” alınmayıb”.
Rejim mənsublarının dilindən düşməyən bu “arqument” o qədər mənasız, cəfəng özünəbəraətdir ki, bəlkə heç baş qoşmağa, üzərində dayanmağa da dəyməz.
Amma madam ki, yapçılar hələ də “alverin alınmamasından” ikiəlli yapışıb sudan quru çıxmağa çalışırlar, o zaman bunları yazmaqda da fayda var:
BIR: “Alver” alınmayıb” deyirsiniz, amma videonun da məhz “alver” alınmadığı üçün ortaya çıxdığını niyə unudursunuz? Bununla heç uşaq başı da aldatmaq mümkün deyil, burnu fırtıqlı bağça uşağı da başa düşür ki, videonun ortaya çıxması məhz “alverin baş tutmamasına” görədir. Yoxsa “alınan alver”in də vidosu var, biz bilmirik?
IKI: “Alver alınmayıb” deyirsiniz, amma alverin niyə alınmadığını nədən unudursunuz? Bəyəm alver Gülər Əhmədovanın “yuxarıdan dedilər ki, biz mandatı pulla satmırıq” sözlərinə görəmi alınmayıb? Alver alınmayıb, çünki Elşad Abdullayev mandat üçün razılaşdığı ilk məbləğin üstünü düzəltmək, tələb olunan daha 500 mini vermək istəməyib.
ÜÇ: YAP-çılar Elşad Abdullayevin Gülər Əhmədovayla alverinin alınmamasından özlərinə haqq qazandırmaq üçün istifadə edirlər, bəs o videodakı incə bir ayrıntını niyə diqqətdən qaçırırlar? Axı Gülərlə Elşadın dialoqundan mandat maklerliyi ilə başqa adamların da məşğul olduğu qənaəti yaranır.
Xatırlayaq:
“G.Əhmədova:
– Ay qardaş, 500-lə sən gəlmədin. Gəlmədin sən 500-lə. Sən bizi saymadın.
E.Abdullayev:
– Niyə ki? Niyə saymadım?
G.Əhmədova:
– Sən 500-lə gəlmədin. Dedin mən başqa adamla işləyirəm. Sən gəldin 500-lə? Bu gəldi (əli ilə Sevinc Babayevanı göstərir – red.), dedi ki, o, sənlə görüşmək istəmir, başqa adamla işini görür”.
YAP-çılar o “başqa adam”ın kimliyini niyə tələb etmirlər? Niyə onun da adının açıqlanmasını istəmirlər?
Biz hardan bilə bilərik ki, ümumiyyətlə, ölkədə mandat maklerliyi ilə məşğul olan daha neçə “başqa adam” var?
Və biz hardan əmin ola bilərik ki, əldəki videoda alınmayan alver başqa videolarda da alınmayıb?
Hardan əmin olaq ki, Elşad Abdullayevin vermədiyi 1 milyonu başqaları da “başqa adam”lara verməyiblər? Elşad Abdullayev 1 milyonu verməyibsə, bu o demək deyil ki, başqaları da xəsislik ediblər?
Göründüyü kimi, suallar, şübhələr çoxdur.
Və bunlar o qədər ciddi suallar, şübhələrdir ki, “baxın, videodan görünür ki, alver alınmayıb, ona görə də hakimiyyətlik bir şey yoxdur, bu Elşadla Gülərin ikisi arasındakı məsələdir” deyib işin içindən çıxa bilməzsiniz.
Sığındığınız “arqument” saman çöpüdür və düşdüyünüz bataqlıqdan qurtulmağa yetməz.
Murad Saddədinovun yeri
Bilmirəm xatırlayırsınızmı, bir zamanlar Murad Sadəddinov adli aktiv bir hüquq müdafiəçisi vardı. Üstəlik, gerçəkdən də hüquq müdafiəçiliyi ilə məşğul idi. Haqqı, ədalələ qorumaqla məşğul idi.
Hüquqsuzluğa qarşı barışmaz idi.
Şəxsən tanımırdım, amma mövqeyinə, duruşuna sayğım sonsuz idi.
Sonra qəfil yoxa çıxdı. Və illərdir mətbuatda görünmür. Sonuncu dəfə mediaya nə vaxt danışdığını xatırlamıram.
Mənə də hara qeyb olduğu maraqlı idi.
Dünən axır ki, tapdım. Tapmağıma da peşman oldum, üzüldüm.
Siz idə çox intizarda qoymayım, bu da Murad bəyin indiki yerini bəlli edən açıqlaması: “Mən Gülər Əhmədovaya qarşı məlum video görüntüdən sonra tənqidi fikirlərin səsləndirilməsini qəti pisləyirəm”.
Ehtiyacımız olan təbəssüm
Illərdir davam edən zülmün, dərd-sərin, qayğıların üstümüzdəki ağırlığını, stressini atmaq üçün kiçik bir yumora yəqin ki, hamımızın ehtiyacı var.
Dodaqlarımız təbəssüm…
Gözlərimiz gülüş üçün çoxdan qəribsəyib.
Və çox ehtiyacımız olan o yumor dünən YAP-ın sədr müavini Əli Əhmədovdan gəldi. Indi bu sətirləri küçədə, avtobusda, metroda oxuyursunuzsa, özünüzü möhkəm tutun ki, qəhqəh atarkən kənardan baxanlar görüb haqqınızda başqa şeylər fikirləşməsinlər.
Beləliklə, Əli Əhmədovun bizə ərməğanı olan o incə yumoru: “Mən çox ciddi mənəvi-əxlaqi dəyərlərə söykənən bir adamam”.
Təbəssüm üçün təşəkkürlər, Əli müəllim!

“Başqa adam” kimdir?
•
•