ABŞ Suriyanı mühasirəyə alır

Vaşinqton İordaniyadan sonra Suriyanın Türkiyə ilə sərhədinə də xüsusi təyinatlı dəstə göndərib

ABŞ-ın Suriyadakı savaşın İordaniyaya da yayılmaması və Bəşər Əsədə qarşı vuruşan müxaliflərlə daha yaxşı əlaqə yaratmaq məqsədiylə İordaniyanın Suriya ilə sərhədinə 150 nəfərlik xüsusi təyinatlı qrup göndərməsindən sonra, İngiltərədə yayımlanan “The Times” qəzeti maraqlı məlumat yayıb. Qəzaetin yazdığına görə, ABŞ eyni məqsədlə Türkiyənin Suriya ilə sərhədinə da xüsusi təyinatlılardan ibarət dəstə yerləşdirib.

Qəzet təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərində ABŞ və Fransa xüsusi təyinatlılarının Türkiyənin Adana şəhərindəki İncirlik bazasına yerləşdirildiyini bildirib. Xəbərdə Səudiyyə Ərəbistanı və Qətər xüsusi xidmət əməkdaşlarının suriyalı müxaliflərə silah və pul göndərmək üçün bölgədə olduqları da deyilir. “The Times” Suriya-İordaniya sərhədinə amerikalılardan sonra ingilis xüsusi təyinatlıların da göndərildiyini yazıb.

İngilislər də amerikan xüsusi təyinatlıları kimi suriyalı müxaliflərlə daimi əlaqə saxlayacaq, Bəşər Əsəd rejiminin nəzarətindəki kimyəvi silahların terrorçu qrupların əlinə düşməməsi yönündə çalışacaqları bildirilir. Çünki ABŞ və Britaniya hökumətləri kimyəvi silahların radikal islamçı qruplaşmaların əlinə keçə bilcəyindən ciddi narahatdır.