Böyüklərin məsuliyyətsizliyi «uşaq nikahlarını» doğurur
Ötən ilin payızından Ailə Məcəlləmiz 18 yaşına çatmayanlar arasında bağlanan nikahı “erkən nikah” sayır. “Erkən nikah” artıq cinayətdir. Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, erkən nikaha daxil olanları 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Erkən nikah BMT kimi ciddi qurumların sənədlərində “uşaq nikahları” termini ilə də əvəzlənir. Bu isə əsassız deyil. Uşaq hüquqları haqqında beynəlxalq və yerli qanunvericilik 18 yaşına çatmayanları uşaq kimi tanıyır.
Qanun sərtləşdi, bəs nəticə?
Qanunun sərtləşdirilməsi uşaqları erkən nikahdan qorumaq məqsədi daşıyır. Hər halda, rəsmilərin izahı bu cürdü. Uzun müddət idi ki, nikah yaşının 17-dən 18-ə qaldırılması və sanksiyanın ağırlaşdırılması müzakirə olunurdu.
Dövlət Statistika Komitəsinin və əlaqədar orqanların qanuna əlavə və dəyişikliklərin vəziyyətə nə dərəcədə təsir göstərdiyini ortaya qoyan sənədləri təqdim etmədiyindən dəyişikliyin hansı bəhrə verdiyini demək çətindir. Hərçənd, Azərbaycanda hətta rəsmi göstəricilər olsa belə, ona əsaslanıb birmənalı fikir söyləmək çətindir. Məsələn, adi iki faktı toqquşduraq. Parlamentin Sosial Siyasət Komitəsinin sədriÿHadı Rəcəbliÿbu yaxınlarda verdiyi açıqlamada 2011-ci ildə Azərbaycanda 86 minə yaxın nikah qeydə alındığını, onun 5 minə yaxınının 17-18 yaşlılar arasında bağlandığını bildirmişdi. Cənab Rəcəbli bunu pis tendensiya kimi şərh etmişdi.
UNICEF-in də Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatı var. Hesabatda Azərbaycanda aparılan araşdırmaların nəticəsi olaraq, hər səkkiz nəfərdən birinin 18 yaşına çatmamış evləndiyi və ya ərə getdiyi qeyd olunub.
Lakin biz yuxarıdakı fikirlərdə, sənədlərdə da öz əksini tapan bu narahatlığın ifadəsini Statistika Komitəsinin hesabatlarında görə bilmirik.
Komitənin hesabatında 1990-cı illə 2011-ci ildə rəsmi qeydə alınmış nikaha daxil olanların orta yaşını müqayisə etsək, heç bir narahatlığa əsas olmadığı görsənir. Bildirilir ki, 1990-ci ildə nikaha girən kişilərin orta yaşı 26.2, qızlarınkı isə 23.2 olub. 2011-ci ildə bu rəqəmlər müvafiq olara 27.6 və 23.4 olub. Fərq təbii ki, var, amma bu, həyəcan doğuracaq həddə deyil.
Erkən nikahı körükləyən nədir?
Nə isə, riyaziyyat dərsi açmayaq, rəqəmləri kənara qoyub problemin kökünü araşdıraq. Erkən nikahları körükləyən amillər nədir? Onsuz da kifayət qədər problemi olan cəmiyyətimizə niyə bu məsələ əlavə ağırlıq yarada bildi?
Araşdırmalar, mütəxəssis rəyləri möcüzə aşkarlamayıb; dini cəhalət, mentalitet, sosial durumun ağırlığı və maariflənmənin aşağı olması.
Azərbaycanda Islam dininə itaət edənlərin çoxluğu və dində qız uşağının yetkinlik yaşının 9-12 olması, nə qədər inkar olunsa da, erkən nikahlar önündə yaşıl işıqdır.
Erkən nikah hərbdən qaçış kimi…
Burada bir az nəfəs dərib qeyd edək ki, erkən nikahlar deyildikdə adətən qız uşaqlarının hüququnun tapdalanması başa düşülür və bu, əksər hallarda həqiqətən də belədir. Lakin unutmaq olmaz ki, oğlan uşaqlarının da 15-16 yaşlarında ailə qurması faktları var və bunlar çoxdan sensasiya sayılmır. Oğlan uşaqlarını erkən nikaha sövq edən əsas amil onların ordudan yayınmasıyla bağlı idi. 2002-ci ilə qədər qüvvədə olan qanunvericilik əsgərlik yaşına qədər iki övladı olanlara xidmətdən möhlət hüququ verdiyindən bəziləri ordu yükü yerinə ailə yükünü çəkməyi üstün tuturdu. Azərbaycan mentaliteti daha çox dinlə cilalandığından erkən nikahlarda onun rolu barədə mübahisə doğuracaq fikir yürütmək olmur. Mövcuz mentalitet, atalar sözləri, məsəllər erkən nikahı bəyənir. Zəngin folklorumuzda çox qəribədir ki, subay qalmaqla bağlı xoş deyimlər olsa da, yetkinliyi gözləyib ailə qurmaqla bağlı nəsə yoxdur və ya varsa da, populyar deyil.
Erkən nikahlar Azərbaycanda sovet cəmiyyəti qurulana qədər adi hal olub. 70 illik Sovet sistemi isə bu problemi bir xeyli azaltmışdı. Belə olan halda, sual yaranır: problem azalmışdısa, bəs necə oldu ki, sovet rejimindən imtina etdiyimiz qısa müddətdə bu sahədə vəziyyət yenidən gərginləşdi? Anladığım qədər, məhz bu məqamda biz maarifləndirmə amilinə ciddi diqqət ayırmalıyıq. Problemin yenidən və tez üzə çıxması göstərir ki, Sovet zamanı o, həllini tapmayıb, sadəcə, “konservləşdirilib”.
Sovetlər bu problemi həll etmişdimi?
Sovet Azərbaycanında erkən nikahlara qarşı mübarizə əsasən inzibati amirlik metodu ilə aparılıb. Buna əmin olmaq üçün biz kiçik sorğu keçirmək olar. Sorğunun sualı isə bu: “Erkən nikahı pisləyən hansı əsəri, filmi xatırlayırsınız?” Ən yaxşı halda, iki əsərin adı çəkilə bilər: Üzeyir Hacıbəyovun “O, olmasın, bu olsun”u (Gülnaz 15 yaş) və Cəlil Məmmədquluzadənin “Ölüləri”i (Nazlı 12).
Amma bu iki fakt özü-özlüyündə çox zəifdir. Birincisi, o baxımdan ki, bu əsərlərdə erkən nikah qabarıq formada pislənməyib, ümumi qadın hüquqsuzluğu fonunda verilib. Ikincisi, bu problem inqilaba qədərki dövrü tənqid etmək üçün, kapitalizmin elementi kimi tənqid olunub.
Əlbəttə, şübhə etmək olmaz ki, Sovet təbliğat-təşviqat maşını bu problemə zamanında elmi diqqət ayırmasın. Yəqin, nələrsə yazılıb-pozulub, ancaq görünür, “zor olan yerdə, ağıla ehtiyac qalmayıb”. Buna görə də qadağanın mahiyyətini dərk etməyən toplum mentalitet və dini cahalətin xeyir-duası ilə ilk fürsətdəcə uşaq nikahlarını salamladı.
Indi biz geri dönüb babalarımızın zorla keçdiyi yolu maariflənərək keçməliyik.
Natiq Güləhmədoğlu