Meriya İP-in yürüşünə “yox” dedi

İctimai Palata cavabı qanunsuz sayır

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) oktyabrın 13-də yürüş keçirməsi ilə bağlı müraciətini nəhayət ki, dünən cavablandırıb. Meriya İctimai Palatanın göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirilməsini məqsədəuyğun hesab etməyib, əvəzində İP-ə Səbayel rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib. 

Qeyd edək ki, İP oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət etmişdi.

Meriyanın cavabı İctimai Palatanın Koordinasiya Şurasının dünən keçirilən toplantısında müzakirə edilib. KŞ üzvü Ədalət Yusibovun sözlərinə görə, meriya aksiya ilə bağlı cavabında səlahiyyət həddini aşıb: “Bakı Şəhər İcra Hakimiyyətinin öz cavabı ilə vətəndaşların konstitusion haqlarının məhdudlaşdırıb. Biz bunu məhkəmə müstəvisində həll etməyə qərar verdik. İkincisi, İctimai Palata bütün Azərbaycan hakimiyyətinin, o cümlədən ictimaiyyətin diqqətinə çatdırır ki, kütləvi aksiyalar keçirmək qərarında israrlıdır. Məsələ daima diqqət mərkəzində saxlanılacaq. Yeni parlament seçkilərinin keçirilməsi istiqamətində bundan sonra da gərəkən addımlar atılacaq”. Ə.Yusibov bildirir ki, iclasda İctimai Palatanın vahid seçki platformasının yaradılması ilə bağlı komissiyanın yaradılmasına da qərar verib. Və qurumun növbəti sessiyası
oktyabrın 27-nə təyin edilib.