Rahim Hacıyev: «Avropa strukturlarının Azərbaycana münasibətində ciddi dəyişikliklər olub»
Gülər Əhmədova ilə bağlı video materialları yaymaqla gündəmi zəbt edən Elşad Abdullayevin məsələsi artıq ölkə sərhədlərindən kənara çıxıb.
Qeyd edək ki, keçmiş rektor Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası ərzində Avropa Şurasının rəsmiləriylə görüşlər keçirib və qardaşı Mahir Abdullayevin yoxa çıxması və digər məsələləri müzakirə edib. O həmçinin Brüsseldə Avropa parlamenti və Avropa Komissiyasında da görüşlərdə iştirak edərək qardaşının oğurlanması məsələsini geniş müzakirə edib və Avropa Parlamentindən müstəqil tərkibdə istintaq qrupunun yaradılmasını xahiş edib. E.Abdullayevin bir müddət əvvəl Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eştona etdiyi müraciətə rəsmi cavab məktubu gəlib. Məktubda Mahir Abdullayevin oğurlanması məsələsinə toxunularaq Avropa Birliyinin Azərbaycanla bağlı növbəti hesabatlarında bu məsələyə diqqət ediləcəyi bildirilir. Ketrin Eştonun Elşad Abdullayevin müraciətinə cavab verməsi Avropa Birliyinin Azərbaycandakı proseslərə xüsusi önəm verdiyini deməyə əsas verir. Həmçinin Azərbaycanda seçkilərdə rüşvət məsələsinin də AB-nin diqqətindən kənarda qalmayacağını demək olar.
Ketrin Eştonun Elşad Abdullayevə ünvanladığı məktubu ciddi fakt kimi qiymətləndirən siyasi ekspert Rahim Hacıyev bunun Avropa strukturlarının Azərbaycana münasibətində ciddi dəyişikliklərin olmasını göstərdiyini bildirdi: “Azərbaycan hakimiyyətinin çox ciddi səylərinə baxmayaraq Avropa Şurası mühüm qərarlar qəbul etdi. Nəhayət, Azərbaycan hakimiyyətinə göstərildi ki, bundan sonra onların rüşvət yolu ilə Avropanın siyasətinə təsir etmək planları iflasa uğrayacaq. Çox açıq şəkildə bildirildi ki, Avropa strukturları artıq ciddi şəkildə Azərbaycandakı proseslərlə maraqlanır və Azərbaycanda vəziyyətin dəyişməsi üçün demokratik institutların formalaşması, demokratik dəyərlərin bərqərar olması üçün çox ciddi səylər göstərmək istəyirlər”.
R.Hacıyevin fikrincə, Eştonun Elşad Abdullayevə cavab məktubu göstərir ki, Avropa strukturları bu videoqalmaqaldan yaxşı xəbərdardılar və onlar da bu məsələdən istifadə etmək istəyirlər. Azərbaycan hakimiyyətinin bu tipli əməllərdən çəkinməsini təmin etmək üçün Avropa strukturları, ilk növbədə Avropa Birliyi belə məsələlərə çox ciddi münasibət göstərəcək və bundan sonra hakimiyyətin əməllərinə sərt qiymət veriləcək.
Fizzə