Şahid məhkəmədə baş redaktoru hədələdi

Əvəz Zeynallı: “Ayıb deyil, 90 yaşın var. Indi də üzə durursan?”

Aydın Heydərov: “Ayıb sənə olsun. Bilirsən sənə nə edərəm?”

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi keçirildi. Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən prosesdə şahid qismində “Inturavto” ASC-nin sədri Aydın Heydərov dəvət edilmişdi. Öncədən bildirək ki, Heydərovun məhkəməyə şahid qismində məcburi qaydada gətirilməsi barədə qərar çıxarmışdı.
Aydın Heydərov çıxışında bildirdi ki, baş redaktoru çoxdan tanıyır: “Mən Əvəz Zeynallı ilə görüşürdüm, tez-tez ona pul verirdim. Bir dəfə isə məni yazısıyla şantaj etdi. Pul verməyəcəyim təqdirdə yazıyla hədələdi. Sonra da mənimlə bağlı anonslar verməyə başladı”. Bu sözə əsəbiləşən baş redaktorun “Ayıb deyil, 90 yaşın var. Indi də üzə durursan? Nə vaxt səndən pul istəmişəm?” sualına “Ayıb sənə olsun. Bilirsən sənə nə edərəm?” cavabıyla hədələdi.
Bu cavab proses iştirakçılarının da qəzəbinə səbəb oldu. Üzə durmağın yaxşı əlamət olmadığını şahidin diqqətinə çatdıranlar da Aydın Heydərovun hədəsiylə üz-üzə qaldı. Bu zaman zaldakı gənc fəallarla şahid arasında deyişmə oldu. Ürəktutma adıyla zalı tərk edən şahidi nə hakim, nə də nəzarətçilər durdura bildi. Hətta Ramella Allahverdiyeva Aydın Heydərova zəng etsə də heç bir nəticəsi olmadı.
Ramella Allahverdiyeva çarəsiz qalıb Vergilər Nazirliyinin Audit Departamentinin baş vergi müfəttişi Şahin Əsgərlini dəvət etdi. Qeyd edək ki, Şahin Əsgərli bundan əvvəlki məhkəmə prosesində ifadəsini versə də, qarşı tərəfin sualları çox olduğundan və iş saatı bitdiyi üçün yarımçıq qalmışdı. Ona görə də bu dəfə yenidən məhkəməyə dəvət olunmuşdu.
Xatırladaq ki, sözügedən şəxs məhkəməyə ifadəsində əlində sənədlər olmadığından “Xural” qəzetinin 3 illik (2008-2011) vergi borcunun bir nüsxə ilə hesablandığını bildirmişdi. Sən demə, yoxlama zamanı qəzetin satışı 40 qəpikdən, özü də 100 faiz satışla hesablanıb.
Əvəz Zeynallı isə bununla razılaşmadı. Prosesdə iştirak edənlərin nəzərinə çatdırdı ki, əvvəla, 2008-ci ildə qəzet 30 qəpiyə olub: “Dünyanın heç bir yerində qəzet 100 faiz satılmır. Bizim qəzetin satışı ən yaxşı halda 40 faiz olub. Tirajımızın ən yüksək həddi son bir ayda gündəlik çıxanda 2200 olub. 2008-ci ildə bizim tirajımız 1200, ondan sonrakı illərdə isə 1500-dən yüksək olmayıb. Mən özüm təxmini hesablama apardım. Məlum oldu ki, vergilərə ən yaxşı halda borcum 1000 manatdan yuxarı deyil. Bu məbləğə də vergi ödəyicisi üçün cinayət işi qaldırıla bilməz. Sifariş Ramiz Mehdiyevdən gəldiyi üçün Vergilər Nazirliyi istintaqla əlbir olub hər şeyi ən yüksək qiymətlə hesablayıb. Bundan başqa, biz qəzeti yayımlara verəndə belə 40 qəpikdən vermirik. Mətbuat yayım evləri 40 faizi öncədən alır. Ancaq siz isə bunlara nəzərə almamasınız. 7 min manat cərimə yazdırmısınız. Yenə də sizə təşəkkür düşür ki, heç olmasa ”Xural”ın adına 70 min manat yükləməmisiniz. Burada bir az insaflı olmusunuz”.
Əvəz Zeynallı Şahin Əsgərliyə bir neçə sual ünvanladı:
Əvəz Zeynallı:
– Siz hesablama aparanda niyə yayımlara müraciət etməmisiniz?
Şahin Əsəgərli:
– Biz müraciət etdik, ancaq cavab verilmədi?
Əvəz Zeynallı:
– Necə yəni cavab vermədilər? Sizin müraciətiniz cinayət işinə daxil edilibmi?
Şahin Əsgərli:
– …
Məlum oldu ki, Şahin Əsgərli yayım firmalarına müraciət edib, cavab verilib. Sadəcə həmin cavab kimlərisə qane etmədiyi üçün cinayət işinə daxil edilməyib: “Bax, görürsünüz ki, mən niyə həbs ediblər. Mən bir günün içində xırda hesablama ilə təxminən sizin idarəyə nə qədər borclu olduğumu öyrəndim. Deməli, siz də müstəqil olsaydınız bunu edə bilərdiniz”.
Məhkəmədə Əvəz Zeynallının adından imzalanan saxta sənədlə də sorğu-sual oldu. Şahin Əsgərli bu işdən xəbəri olmadığını və sadəcə bu məktubu ümumi işə əlavə etdiyini söylədi.
Məhkəmə prosesi sabah (11 oktyabr) saat 12:00-da davam etdiriləcək.

Ramin DEKO