Abdullah Gül Suriyaya müdaxilənin anonsunu verdi

Dəməşqdə polis və təhlükəsizlik işçilərinin yaşadığı bina kamikadzenin hədəfi olub

Suriyada vətəndaş müharibəsi davam edir. Bəşər Əsədin əmrindəki silahlılarla üsyançılar arasında döyüşlər şiddətlənib. Hökumət qüvvələri müxaliflərə və Əsəd rejiminə qarşı çıxanlara yönəlik hücumları artırıb. Əsəd ordusu Homs şəhərinin bəzi bölgələrinə bir neçə saat dayanmadan raket zərbələri endirib. Nəticədə 30-a yaxın binaya ziyan dəydiyi bildirilir. Məlumata görə, analoji hadisələr Dəraa şəhərinin cənub bölgəsində və Hələbdə də baş verib.
Müxalif fəalların bildirdiyinə görə, təhlükəsizlik qüvvələri Karak rayonunda qarşıdurmalar zamanı həlak olmuş insanların cəsədlərini daşıyan yerli sakinlərə hücum ediblər. Dəfn mərasiminə gedən avtomobil karvanına qarşı edilən hücum nəticəsində azı 20 nəfər öldürülüb. Bundan başqa, paytaxt Dəməşqin şərqindəki Xarasta rayonunda güclü partlayış baş verib. Partlayışın hədəfi hökumətin təhlükəsizlik birləşmələri olub. Hadisə polis və təhlükəsizlik xidməti əməkdaşlarının yaşadığı rayonda olub. Partlayışı intiharçı-kamikadzenin törətdiyinə dair məlumat yayılıb. Olaydan sonra paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərin mərkəzini paytaxtın şərq hissəsi ilə birləşdirən yollarda postlar qurulub.
Bu arada, Türkiyə prezidenti Abdullah Gül Suriya ilə ölkəsi arasında yaranmış gərgin vəziyyətlə bağlı açıqlama verib. Ankarada çıxışı zamanı Gül bildirib ki, Suriyada davam edən vəziyyətin dəyişməsi üçün xaricdən müdaxilə edilməsi vacibdir. Onun sözlərinə görə, Türkiyənin öz təhlükəsizliyi məsələsinə gəlincə, hökumət bütün səlahiyyətlərilə lazımi tədbirləri görür: “Suriya xalqı çox əziyyət çəkir və bu iztirablar bəzən bizə də təsir edir. Məlum olduğu kimi, bir neçə vətəndaşımızı raket zərbələri nəticəsində itirmişik. Belə bir müddətdə hökumət baş qərargahla daimi olaraq məsləhətləşmələr aparır. Istənilən vəziyyətlə bağlı lazımi tədbirlər dərhal görülür. Suriyada vəziyyətin bu cür davam etməsi qətiyyən qəbuledilməzdir. Ona görə də əvvəl-axır bir dəyişiklik, keçid prosesi olacaq. Lakin bizim arzumuz bu prosesin qan tökülmədən, Suriyanın özü-özünü xarabaya çevirmədən baş verməsidir. Məsələnin daha tez həllini tapması üçün beynəlxalq ictimaiyyətin də təsirli addımlar atması vacibdir”.