Eldar İbrahimov Əli Əhmədovun müdafiəsinə qalxdı:“Gülər Əhmədova kimi dələduz, cinayətkar adamların Əli Əhmədova qarşı bu cür ifadələr işlətməsi ona yapışmayacaq”
“Yeni Azərbaycan Partiyası Gülər Əhmədovanı öz sıralarından tezliklə çıxarmaq məsələsini həll etməlidir”. Bu sözləri “Modern.az” saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP yaradıcılarından olan Eldar İbrahimov sabiq millət vəkili Gülər Əhmədovanın partiyanın icra katibi Əli Əhmədovla bağlı fikirlərinə münasibət bildirərkən deyib:“Bu “fikirlər” tək Əli Əhmədova qarşı deyil, həm də YAP üzvlərinə təhqirdir. Əli Əhmədov YAP qurucularından biridir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında Əli Əhmədovun özünəməxsus, xüsusi yeri var. Hamı bilir ki, Əli Əhmədov öz təmizliyi, əxlaqi keyfiyyətləri və davranışı ilə seçilən nümunəvi bir adamdır”.
Eldar İbrahimov keçmiş deputatın ünvanına sərt ifadələr işlədib:“Gülər Əhmədova kimi dələduz, cinayətkar adamların Əli Əhmədova qarşı bu cür ifadələr işlətməsi Əli Əhmədova heç vaxt yapışmayacaq”. YAP-çı deputat əlavə edib ki, Gülər Əhmədovanın belə ifadə işlətməsi özbaşına deyil, onun arxasında hansısa qüvvələr dayandığını göstərir.
“Hansısa qüvvələrə söykənərək belə ifadələr işlədir. Ona görə də bu məsələ ilə bağlı konkret qərar verməyin vaxtıdır. Mən yalnız onu deyə bilərəm ki, Gülər Əhmədovanın Elşad Abdullayevlə olan videosuna baxanda burada hüquq-mühafizə orqanına ehtiyac qalmır. Onlar biri-birilərinin kim olduqlarını danışıqlarında açıq şəkildə bildirirlər. Mən bunu Youtube-da da izləmişəm. Bu məsələ ilə bağlı konkret qərar verməyin vaxtıdır. Hələlik partiyadan kənarlaşdırılmaması bəlkə də onda müəyyən arxayınçılıq yaradır və o, bundan istifadə edərək YAP-ın rəhbərliyinə qarşı böhtan və təhqir dolu ifadələr işlədir. Hesab edirəm ki, Gülər Əhmədovanı tezliklə Yeni Azərbaycan Partiyasından çıxarılma məsələsi həll edilməlidir. Eyni zamanda, prokurorluq orqanları Gülər Əhmədova barədə həbs-qəti imkan tədbiri seçməlidir. Belə adamların YAP-da olması partiyaya ləkə gətirir. Hətta bu cür hərəkət bizi beynəlxalq aləmdə biabır edir. Ona görə də qısa müddətdə bu biabırçılıqdan yaxa qurtarmaq üçün məsələni bitirmək lazımdır”, – deyə Eldar İbrahimov bildirib.