Ukraynada istehsal olunmuş “silahlar” Hələbdə

BBC News Səudiyyə Ərəbistanı ordusundan Suriya üsyançılarına göndərildiyini göstərən silah qutularını aşkar edib.

Ukraynadakı silah istehsalçısından Səudiyyə Ərəbistanının Müdafiə və Aviasiya nazirliyinə göndərildiyini göstərən üç qutu Hələb şəhərində üsyançıların istifadə etdiyi bazada görülüb.

Qutuların Hələb şəhərinə necə çatdığı məlum deyil və BBC-ə onun içərisindəkiləri videolentə almaq icazəsi verilməyib.

Səudiyyə Ərəbistanı məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Ukraynanın donanma silahı və raket kompleksləri istehsalında ixtisaslaşmış Dastan şirkəti tərəfindən hazırlanan silah qutuları Hələb məscidində tapılıb.

Qutuların içərisində nə olduğu və onların üsyançıların bazasına necə çatdığı məlum deyil, BBC müxbiri İan Pannell Hələbdən xəbər verir.

Ancaq onların mövcudluğu göstərir ki, Körfəzdə kimsə üsyançılara Prezident Bəşər əl-Əsədi devirməyə yardım edir, müxbirimiz deyir.

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardnerin fikrincə, Səudiyyə Ərəbistanı öz xarici siyasətində əsasən səhnə arxası hərəkətlərə üstünlük verir.

Suriya məscidində Səudiyyə silahlarının tapılması onun üçün xoşagəlməyən diqqət cəlb edə bilər, o deyir.

Müxalifət qüvvələri BBC-ə deyib ki, onlar Səudiyyə Ərəbistanı və Qətərdən yardım alırlar.

New York Times xəbər verir ki, Səudiyyə və Qətər rəsmiləri üsyançılara kiçik silahlar göndərsələr də, böyük avadanlıqlar, məsələn çiyin raketləri göndərmirlər.

Səbəbi isə odur ki, ABŞ onların silah göndərməsini istəmir, çünki silahların terrorçuların əlinə keçəcəyindən ehtiyat edir, qəzet yazır.