Siyavuş Novruzov Gülər Əhmədovanı “Xoruz baba” şeirinə görə “vurdu”

“Gülər Əhmədova Əli Əhmədov haqqında bəzi şeylər yazır. İnsan özünü bir tərəziyə qoymalıdır ki…”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sabiq deputat, YAP Qadınlar Şurasının üzvü Gülər Əhmədova ilə ABU-nun eks-rektoru Elşad Abdullayev arasındakı məlum məsələyə yenidən münasibət bildirib.

“Burada ən əsas şərt ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti canlı, real video və stenoqram şəklində kimin-kim olduğunu gördü. Ayrı-ayrı dövrlərdə dələduzlar da olub. Azərbaycan cəmiyyəti açıq şəkildə bunun şahidi oldu ki, ilk növbədə, heç bir dələduz kiminləsə dövlət arasında əlaqə yaratmaq imkanına malik deyil. Dövlətin özünün şəffaf siyasi xətti var, bu xətlə də dövlətin və millətin maraqlarını müdafiə edən siyasi kurs həyata keçirilir”-deyə S.Novruzov 1 milyonluq rüşvət qalmaqalından bəhs edən videoçəkiliş barədə bildidb.
Modern.az-ın məlumatına görə, “Yeni Azərbaycan”a müsahibəsində S.Novruzov artıq kimin kim olduğu aşkarlandı:

“…ən əsası bir daha əyani şəkildə sübut olundu ki, kimin nə işlə məşğul olmasından asılı olmayaraq, dövlət strukturunda heç kim bu yolla özünə yer tapa bilməz. Digər məsələlər isə prokurorluq tərəfindən araşdırılır və nəticədə hər kəs öz məsuliyyətinə əsasən cəzasını da alacaq. Bir məqam da var ki, bu şəxslərin-mən hər iki tərəfi nəzərdə tuturam, müəyyən adamların adlarını gündəmə gətirməsi, şantaj etməsi tamamilə yersizdir. Həmin şəxslər öz gözlərində tiri görmürlər, amma başqasının gözündə tük axtarmağa cəhd edirlər”.

S.Novruzov Gülər Əhmədovanın YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov haqqında Facebook-da  “Xoruz baba” deyə yazdığı statusu da pisləyib

“Məsələn, Gülər Əhmədova YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov haqqında bəzi şeylər yazır. İnsan özünü bir tərəziyə qoymalıdır ki, kim kimdir, mən kimin haqqında nə yazıram, hansı hallarda bu söhbətləri mən apara bilərəm. İcra katibi Əli Əhmədov bütün Yeni Azərbaycan Partiyası üzvlərinin birmənalı fikrini ifadə edib. Mən, hətta deyərdim ki, millət vəkili Əli Əhmədov cəmiyyətimizin mövqeyini ifadə edib. YAP-ın sədr müavini Əli Əhmədovun fikrinə şərh verməyə birinci qabiliyyət, ikinci düzlük lazımdır. Bu keyfiyyətlərə malik olmayan insanlar özlərini ortaya atmasınlar”.