Mərdanovun başı yeni qalmaqalda

Yəqin diqqətli oxucularımızın yaxşı yadındadır, keçən il Təhsil Nazirliyinin inşa etdiyi iki məktəbin – Xəzər rayonu 123 və Suraxanı rayonu 85 saylı məktəblərin inşası zamanı ciddi pozuntuların və korrupsiya faktlarının olduğu aşkar edilmişdi. Onda bu məsələ o qədər şişdi ki, axırda dövlət başçısı nazirliyin tikinti ilə bağlı funksiyalarını əlindən alıb Bakı Şəhəri İcra Hakimiyyətinə verdi. Bu məsələlər təzəcə səngiməyə başlamışdı ki, Sabunçu rayonundakı 311 saylı məktəb qalmaqalı ortaya çıxdı…
Xatırladırıq ki, dünən ölkə mediası və sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də adıçəkilən məktəbin bağlanması olub. Faktla bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. Söylənənlərdən bir şey tam aydın olur ki, indiyədək məktəb, necə deyərlər, “barıt çəlləyinin” üzərində dayanırmış. Belə ki, bəziləri məktəbin altından iriçaplı qaz və neft borularının keçdiyini, bəziləri burada keçmişdən qalma yanacaq anbarı olduğunu, bəziləri isə onun həyətindən mazut çıxdığını bildirirlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az-a məktəbin bağlanması ilə bağlı təhsil naziri Misir Mərdanovun əmr imzaladığını bildirib. O deyib: “FHN mütəxəsislərinin  məktəbə baxışdan sonra hansı qərarı verəcəyini gözləmək lazımdır… Məktəb binasının sökülüb-sökülməyəcəyi FHN-nin mütəxəsislərinin rəyindən asılı olacaq. Hazırda biz həmin məktəbin müəllim və şagird heyətini digər məktəblərə köçürmüşük”. İdarənin tikinti şöbəsinin müdiri Mirsahib Bayramov da ANS-ə açıqlamasında bu faktı təsdiqləyib: “Məktəbin həyətindən mazut çıxır və buna görə də, orada təhsil almaq mümkünsüzdür… Ərazidə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş nazirin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov olub. Mütəxəssislər həmin məktəbin dərhal sökülməsinə qərar veriblər”.
Araşdırmalarımızdan məlum oldu ki, 311 saylı orta məktəbi ölkə başçısının 2 fevral 2006-cı il tarixli sərəncamı ilə Təhsil Nazirliyi inşa edib. Digər tərəfdən, bildiyimiz kimi, o zamanlar nazirlikdə tikinti işlərinə Misir Mərdanovun yaxın qohumu Allahverdi Dəmirov  rəhbərlik edib.
Vəziyyətin bu cür faciəvi hala gəlməsindən dolayı bəzi suallar ortaya çıxır: Milyonlarla manat dövlət vəsaiti xərclənməklə tikilən məktəb binası layihələndirilərkən müvafiq qurumlar hara baxırdı? Layihəyə kimlər və necə rəy veriblər? Tikintiyə icazə verilərkən ərazinin mənimsənilməsi işləri aparılıbmı? Aparılıbsa, bu məsələ niyə indi üzə çıxır? İnşa edən qurum (Təhsil Nazirliyi) binanı nə qədər üzdən tikib ki, onun altında yanacaq anbarının olub-olmadığı, yaxud oradan boru keçib-keçmədiyi aşkarlanmayıb?..
Yüzlərlə şagirdin təhsil aldığı strateji bir obyekti məsuliyyətsizcəsinə “mazut çıxan” yerin üstündə tikənlərin görəsən cəzası nə olacaq? Gözləyək görək hüquq-mühafizə orqanları şok yaradan bu hadisəyə necə münasibət göstərəcək…

Analitik şöbə