Dövrünün görkəmli şəxsiyyətlərindən biri
XX əsrin əvvəllərində xalqımızın maariflənməsi üçün böyük xidmətlər göstərimiş ziyalılardan biri də Əsədulla bəy Muradxanov olub. Əsədulla bəy dövrünün ictimai-siyasi və maarif mədəniyyət xadimi kimi tanınırdı. Əsədulla bəy Muradxanov 1866-cı ildə Salyanda anadan olub. Onun mənsub olduğu Muradxanovlar nəsli Salyanda şan-şöhrətli, tanınmış soylardandır. Muradxanovlarıın ulu babası Muradxanın Salyana haradan gəldiyini, neçə oğul-uşaq sahibi olduğunu heç kəs dəqiq bilmir. Lakin onun öz dövrünə görə məşhur, bəlkə də alim qədər savadlı olan Alımirzə adlı oğlunun olduğu məlumdur. Salyanda sayılıb-seçilən Muradxanovlar ailəsinin hamısı Alımirzənin nəslindəndir. Odur ki, Salyanda bu nəslə Alımirzəlilər deyirlər.
Alımirzəlilər maarifpərvər bir nəsil olmaqla yanaşı, həm də mövhumatdan da uzaq olublar. Alımirzəlilərdə qadınlara həmişə böyük ehtiram bəslənmiş və ailə məsələlərinin həllində onların rəyinə hörmətlə yanaşılmışdır. Alımirzəlilər həm də o dövrün ən oxumuş, ziyalı ailələrindən biri idi. Muradxanovların oğlanları ilə bərabər qızları da dünyəvi təhsil alırdılar. Məsələn, Əsədulla bəyin qardaşı nəvəsi Lumu xanım Salyan şəhərində çadrasız gimnaziyaya gedən ilk azərbaycanlı qızlardan olub.
Alımirzənin oğlanları da zəmanəsinə görə yaxşı təhsil almış savadlı gənclər olmuşlar. Bunların içərisində Əsədulla bəyin atası Mirzə Abdulalı bəy xüsusi yer tuturdu. Salyanda dövlət işlərində çalışan Abdulalı bəy mükəmməl təhsil almışdı. O, Mirzə Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun müasirlərindən və tanışlarından idi. Deyilənə görə, Abbasqulu ağa Salyana gələndə Mirzə Abdulalı bəyin qonağı olmuşdu.
Mirzə Abdulalı bəyin 7 övladı var idi – Cavad bəy, Ibrahim bəy, Əsədulla bəy, Ağabacı xanım, Nisə xanım, Umsəlimə xanım və Ağanənə xanım.
Mirzə Abdulalı bəy oğlanlarının hamısını oxutmuşdu, onlara bilik, savad vermişdi. Böyük oğlu Cavad bəy molla və mədrəsə təhsili almış, fars dilini, sonradan isə rus dilini öyrənmişdi. Ortancıl oğlu Ibrahim bəy 1875-1876-cı illərdə Salyanda təzəcə açılmış dördsinifli rus məktəbini bitirmişdi.
Salyandan Qori seminariyasına…
Əsədulla bəy ailənin üçüncü oğlu idi. Ilk təhsilini Salyanda dördsinifli rus məktəbində alıb. O, Salyandan Qori Müəllimlər Seminariyasına göndərilən ilk gənclərdən biri olub. Əsədulla bəy Muradxanov 1886-cı ildə təhsilini başa vurub və Kürdəmirdə müəllim kimi fəaliyyətə başlayıb. Yeddi il orada müəllimlik edib. Sonra isə Cavad qəzasında “Kəndlilərlə əlaqə şöbəsi”ndə kargüzar və tərcüməçi kimi çalışıb. Bir neçə ildən sonra Əsədulla bəy Muradxanov Salyana qayıdır və məhkəmə məmuru kimi fəaliyyət göstərir.
Əsədulla bəy mükəmməl biliyə malik bir maarifpərvər gənc olub. Mətbuatda mütəmadi çıxışlarına və ictimai-mədəni fəaliyyətinə görə tanınır. O, daha çox “Kaspi” qəzeti ilə əməkdaşlıq edir. Salyanda özü kimi bir neçə gənc maarifpərvərin, o cümlədən Ismayıl bəy Hüseynzadənin fəal iştirakı ilə əhali arasında mədəni-maarifləndirmə işləri aparmağa başlayır. “Cəmiyyəti-xeyriyyə” adlı təşkilat yaradır, qiraətxana açır, həvəskar teatr cəmiyyəti təşkil edir. “Azərbaycan teatrının salnaməsi” kitabında Salyanda teatrın inkişafı yolunda əməyi olanlar arasında Əsədulla bəyin adı xüsusi qeyd edilib. Həmin məlumatların bir neçəsinə nəzər salaq: “1905-ci il 4 iyun. Salyan. Həvəskar gənclər. Nəcəf bəy Vəzirov ”Yağışdan çıxdıq, yağmura düşdük”. Rejissor Əsədulla bəy Muradxanov”.
“1906-cı il 7 yanvar. Salyan. Yerli könüllü gənclər, qiraətxana nəfinə tamaşa. Nəcəf bəy Vəzirov ”Pəhləvanani-zəmanə”. Rejissor Əsədulla bəy Muradxanov”.
Onu da qeyd edək ki, Rusiya I Dövlət Dumasına seçilən ilk azərbaycanlı deputatlar (Əlimərdan bəy Topçubaşov, Ismayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev) arasında Əsədulla bəy Muradxanov da vardı. O, 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Dövlət Dumasına deputat seçilmişdi.
I Dövlət Dumasının üzvü
Əsədulla bəy göstərdiyi xidmətlərə, ictimai-mədəni və siyasi fəaliyyətinə görə özündən sonra gələn deputatlara, sözün əsl mənasında, nümunə olub. Digər azərbaycanlı deputatlarla birlikdə çarizmin Rusiyada yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxıb, qeyri-rus xalqların milli muxtariyyət ideyasını müdafiə edib. Əsədulla bəy yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdi. Mənbələrdə göstərilir ki, Rusiyanın digər regionlarında baş verən özbaşınalıqlar barədə hökumətə və Duma rəhbərliyinə ünvanlanan sorğularda onun da imzası olub.
Rusiya I Dövlət Duması çar Nikolay tərəfindən buraxıldıqdan sonra Əsədulla bəy Muradxanov Peterburqdan Salyana qayıdır. Əhali arasında mədəni-maarif işlərini, xeyriyyəçilik fəaliyyətini davam etdirir. Dövri mətbuatda çıxış edir, inqilabdan əvvəl “Brokhauz və Yefron ensiklopedik lüğəti”ndə məqalələr dərc etdirir.
Əsədulla bəy Muradxanov Salyanda tanınmış Hacı Babaşın qızı Dürsədəf xanımla evlənmişdi. Hamı bu xanıma Qönçəbacı deyərdi. Əsədulla bəyin Əlibəy və Mərdan adlı 2 oğlu, Böyükxanım, Dostuxanım, Nabat, Ayxanım, Ağanənə, Nurcahan adlı 6 qızı vardı.
Əsədulla bəyin böyük oğlu Əlibəy məşhur göz həkimi idi. O, bir neçə il görkəmli professor Varşavski ilə Bakıda Mərkəzi Göz Xəstəxanasında işləmiş, sonra Salyana qayıtmışdı. Əsədulla bəyin ikinci oğlu Mərdan Muradxanov isə təkcə respublikamızda deyil, onun hüdudlarından kənarlarda da tanınmış, hörmətli professorlardandır. Azərbaycan pedaqogikasının inkişafında onun müstəsna xidmətləri vardır. Mərdan Muradxanov 40-dan artıq kitabın, 300-dən artıq elmi məqalənin müəllifi olmuşdur. Elmi fəaliyyətinə görə Mərdan Muradxanov respublikanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Əsədulla bəy Muradxanov 1926-cı ildə Bakıya köçüb. Qaraşəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışıb. 1929-cu ildə təqaüdə çıxaraq doğma yurdu Salyana qayıdıb. Ömrünün müdrik çağında – 1942-ci ildə Salyanda vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir