Hakimiyyət həbs edilmiş dindarları Suriya ilə bağladı

«Bu cür dezinformasiya ilə iz azdırmağa çalışırlar»

Oktyabr 5-də Təhsil Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiyada tutulanlardan 4-ü Maştağa sakinidir. Sabunçu Rayon Polis Idarəsindən bildirilib ki, saxlanılan Maştağa sakinləri – Fuad Bakir oğlu Manafov, Ceyhun Ağalətif oğlu Rəşidov, Seymur Tərlan oğlu Aslanov və Mirzəağa Ağarəfi oğlu Rəşidovdur.
Bu şəxslərin oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiyanın təşkilatçılarından olduğu bildirilir. Məlumata görə, həmin şəxslər Suriyada dini təhsil alıblar və radikal dini təriqətin üzvüdürlər.
Aksiyada saxlanılan Maştağa sakini, Seymur Aslanovun xalası oğlu Əbülfəz Qurbanov APA-ya bildirib ki, saxlanılan 4 nəfər Maştağa sakinindən 2-si – F.Manafov və C.Rəşidov sərbəst buraxılıb. Digər iki nəfər – S.Aslanov və M.Rəşidov 5 sutkalıq həbsə məhkum ediliblər. Ə.Bünyadov həmçinin bildirib ki, həmin şəxslərin Suriyada təhsil almaları və radikal dini təriqətin üzvü olmaları barədə məlumatlar doğru deyil: “Onların dördü də sadə dindardır. Heç birinin dini təhsili yoxdur. Sadəcə namaz əhlidirlər. Onlar heç bir radikal dini təriqətin də üzvləri deyillər. Bütün Bakı kəndləri kimi onlar da şiə təriqətinə mənsubdurlar”.
Ə.Bünyadov qohumunun və digər Maştağa sakinlərinin Təhsil Nazirliyinin qarşısında aksiya keçirmələrinin səbəblərini də açıqlayıb: “Mən özün həmin aksiyada iştirak etməmişəm. Bildiyimə görə həmin aksiya icazəsiz keçirilib. Mənim qohumun da daxil olmaqla, ora toplaşan şəxslər orta məktəblərdə hicaba qoyulan qadağaya etiraz etmək məqsədi ilə bu addımı atıblar. Lakin onlar aksiyaya təşkilatçılıq etməyiblər”.
Təşkilatçılıq olmadan 200 nəfərin eyni vaxtda və eyni məkanda aksiya keçirməsinin nə dərəcədə mümkün olduğuna gəlincə, Ə.Bünyadovun cavabı belə olub: “Belə aksiyalarda təşkilatçılığa ehtiyac olmur”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Suriya versiyasının dezinformasiya olduğunu düşünür. Onun fikrincə, hakimiyyət bu yolla iz azdırmağa çalışır: “Məlum rüşvət videosu çox ciddiləşdi və hakimiyyətin ən yüksək dairələrindən buna açıq reaksiyalar gəlməyə başladı. Gülər Əhmədova özünün ”facebook” səhifəsində Əli Əhmədova atmaca atıb. Barəsində istintaq gedən adam YAP-ın ikinci adamı haqqında belə atmacalar atmır. Sakit oturur və aqibətini gözləyir. Artıq burada tərəflərin bir-birinə mesajlarını görürük. Hesab edirəm ki, həm son hicab aksiyası, həm də video əməliyyatı bu və ya digər qüvvələrin əməlləridir. Həmin qüvvələr indi məsuliyyətdən qaçmağa çalışırlar. Ona görə də ortaya dezinformasiya atırlar. Suriya versiyasını ortaya atmaqla məsələni Iranla əlaqələndirmək istəyirlər. Əsas bu suala cavab versinlər ki, necə oldu, 200 nəfərin aksiya təşkil etməsindən Azərbaycanın hüquq-mühafizə orqanlarının xəbəri olmadı. Axı bunlar ən kiçik aksiyaların qarşısını çox rahatlıqla alırlar”.
Ə.Oruclunun sözlərinə görə, cəmiyyət bundan sonra da aksiya ilə bağlı fərqli versiyalara şahid olacaq: “Istəyirlər qarışıqlıq yaransın ki, kələfin ucu tapılmasın. Sabah tamam fərqli versiyalar da ortaya çıxa bilər. Görünür, mətbuatda gedən araşdırmalar ciddi narahatlıq doğurub”.
Qeyd edək ki, oktyabrın 5-də 200 nəfərədək dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Aksiya zamanı 65 nəfər saxlanılıb. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. Istintaqın  aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.