Tofiq Şahtatinski Vaşinqtondan Zümrüd Yağmura yazdığı məktubu “Azadlıq”a göndərdi
Salamlar, Zümrüd xanım! Sizin “Diriləri basdırın” adlı romanınızı oxumadan əvvəl əlimdə oxumağa başladığım bir roman var idi, Qarsia Markesin “Öz toruna düşmüş general” (rus tərcüməsində “Генерал в своем лабринте”). Yaxşı ki, onu Sizin romanı oxumadan öncə oxudum, öz taleyini müəyyən etmiş generallar əsil hərbiçiliyi diktatorluğa və mafioz işlərə dəyişəndə necə də bir- birilərinə oxşayırlar…
Sizin obrazını yaratdığınız “general” kimi, yariqaranlıqda oturmaqları, təkliyi sevmələri, öz daxili düşüncələrinə qapanaraq insanlara nifrət və kin bəsləmələri və s. Romanı çox bəyəndim. Bu qiyməti verməkdə hər halda milli mentalitetimizə xas olan “ədəb xatirinə” söz demək olmadığını bir şeylə isbat edə bilərəm. 35 il vaxtilə şan-şöhrətə malik olan AZİİ-də( indiki bədnam ADNA ) dosent və professor kimi çəkinmədən tələbənin gözlərinin içinə baxaraq, biliyinə müvaiq “2” və ya müsbət qiymətlərini yazmışam. Eləcə də aspirantlarım, dissertantlarım üçün verdiyim rəylər də belə olub… Deməli mən buna artıq vərdiş etmişəm… Mən ədəbiyyatçı deyiləm, ancaq gəncliyimdən mütailəni və kinonu sevmişəm. Roman, kompazisiya, quruluş baxımından, hadisələrin bir-birini izləməsi, oxucunu “görən bunun axırı necə olacaq…” nigarançılığında qoymaq baxımından çox mükəmməl tərtib olunub, asan oxunan və oxucunu yormayan dildə, səviyyədə yazılmışdır. Yolçuya həsr olunmuş fəsillərin əsas məzmuna həsr edilmiş fəsillər arasında rabitəli şəkildə verilməsi çox orjinaldır və ana xətti təsdiqləyir, onu tamamlayır. Yeri gəlmişkən, mən yadıma sala bilmirəm, bu stildə yazılmış əsər oxumuşammı? Mən əsərlərdə dialoqlar vasitəsilə mətləblərin açılmasını, hansısa mesajın verilməsini bacara bilməyi yüksək qiymətləndirirəm. Əsərdə Rüfət-Cabir, Mənsur-Rəşad dialoqları, Yolçunun rast gəldiyi adamlarla apardığı söhbətlər, Nisanın atasilə söhbəti (üzr istəyirəm, yadıma düşənləri sadalamışam, bu epizodlar çoxdur…) hər biri bir şedevrdir, həyat fəlsəfəsidir. Mən bilmirəm, müəllif neçə sayda müxtəlif xüsusiyyətli insanların daxili aləminə girə bilərmiş?!… Görün bu gedişlə xalqımız Sisdən nələr alacaq!… Romanda Rəşadın keçirdiyi daxili iztirablar, “həyatın hikməti gecədədir”, “rəhimsiz qatil də özünü haqlı sayır, rəhimli xeyirxah da…” fəlsəfələri və s.
Voyniçin “Ovod” əsərini bir də yada salım. Mən o romanə oxuduqdan sonra heç uzun illər bilməmişdim ki, Voyniç qadın imiş… Vallah, bu hissləri mən romanınızı oxuyanda bir daha keçirdim… Həyat fəlsəfəsinin dərki baxımından, real faktların təsvir edilməsi, hadisələrin duyulması baxımından romanınızda KİŞİ müəllifinin dəsti-xəttini duydum, sızıldayan qadın romantikası görmədim… Qoy məni içərisində Siz də olmaqla, bütün dünya qadınları bağışlasın, dünyanın fundamental ixtira və bədii əsər şedevrlərini yaradanların 99% kişilər olmasa idi, bunu deməzdim…
Bir sözlə, ƏLA. Vaxt gələr, bu silsiləyə həsr edilmiş əsərləriniz Nobel mükafatına layiq görülər. Allah o günü xalqımıza qismət eləsin.