Rusiya Şimali Qafqazda fiaskoya uğrayıb

Federal qüvvələrin oktyabrın ilk günlərində yaraqlılara qarşı əməliyyatları uğursuzluqla nəticələnib

Rusiya hərbi birləşmələrinin oktyabrın ilk günlərində Şimali Qafqazda keçirdiyi antiterror əməliyyatları uğursuzluqla nəticələnib. Şimali Qafqazda qanunsu silhlı birləşmələrin zərərsizləşdirilməsi məqsədiylə keçirilən xüsusi əməliyyatlarda bir neçə rus hərbçisinin öldüyü iddia olunur. “İnterfax” agentliyinin hərbi mənbələrə istinadən yaydığı məlumatda deyilir ki, Dağıstanın Buynaksk rayonunda yaraqlıların zərərsizləşdirilməsinin ilk mərhələsi uğursuzluqla başa çatıb.

Mənbənin bildirdiyinə görə, uğursuzluğun səbəbi antiterror əməliyyatlarının şablon qaydada planlaşdırılması və bir-birinə oxşamasıdır. Bölgədəki silahlılar federal qüvvələrin uğursuz əməliyyatlarından yayınmaqda çətinlik çəkməyiblər. Xüsusi əməliyyatlara əsasən polis və federal təhlükəsizlik əməkdaşlarının cəlb olunması da uğursuzluğun səbəblərindən biri kimi göstərilir. “İnterfax”-a danışan mənbə əlavə edib ki, Müdafiə Nazirliyinin baş qərargahında növbəti əməliyyatların daha effektli olması üçün xüsusi müşavirə keçirilib və planlar müzakirə olunub.