Rəfsəncanidən hakimiyyətə yeni ittihamlar

“Son 7-8 ildə neftdən 600 milyard dollar gəlirimiz olub. Əgər bu vəsait düzgün idarə olunsaydı…”

İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani oktyabrın 7-də jurnalistlərə açıqlama verib. “Media forum” saytının məlumatına görə, ölkənin böhranlı iqtisadi durumundan gileylənən Rəfsəncani deyib ki, İranın dini lideri ayətullah Xamneyi ilə aylıq görüşlərində mövcud problemlərdən danışır: “Xalqın hakimiyyətə olan əvvəlki etimadını bərpa etmək ölkə rəhbəri ayətullah Xamneyidən asılıdır. Yalnız o, böhran və problemlərin aradan qaldırılması üçün ölkənin hazırkı siyasi kursunu düzgün istiqamətə qaytara bilər. Biz əvvəlki istiqamətə qayıtmalıyıq.

Hazırda ölkə idarəçiliyinə iradlar var. Mən bir neçə il bundan əvvəl də bu haqda ciddi xəbərdarlıq etmişdim. Demişdim ki, bu cür idarəçiliyin sonu yaxşı olmayacaq. Bəziləri məni qərəzdə günahlandıra bilər. Lakin belə deyil. Bizim son 7-8 ildə neftdən 600 milyard dollar gəlirimiz olub. Əgər bu vəsait düzgün idarə olunsaydı, həmin müddətdə onun 200 milyard dollarını xərcləyər, qalanını isə ehtiyat kimi saxlaya bilərdik. Yaxud da hansısa bir sahəyə kapital qoya bilərdik. Belə olsaydı, indi sanksiyalar bizə ziyan vura bilməzdi”.