Qaya Əliyev Oqtay Gülalıyevə cavab verdi

“Ali Məclisə dəvət olunmamağım barədə fikri qeyri-ciddir”

“Oqtay Gülalıyevin mənim partiyadan çıxarıldığıma görə Ali Məclisə dəvət olunmamağım barədə fikri qeyri-ciddir və hüquqi cəhətdən absurddur. Dünən Ali Məclisdə mənim partiyanın idarə heyətindən çıxarılmağım barədə qərar qəbul olunubsa, deməli, mən dünənə qədər nəinki, partiya üzvü, hətta partiyanın idarə heyətinin üzvü olmuşam ki, Ali Məclis də mənim idarə heyətindən çıxarılmağım barədə qərar qəbul edib. Bu qərarı təqdir edirəm. Bu qərar onu sübut etdi ki, mənim may ayında müavinlikdən azad olunmağım barədə söz-söhbət və ya üzvlükdən çıxarılmağım barədə qondarma qərar cəfəngiyyat imiş. Həm də bu qərar rəhbərlik tərəfindən mənim bu vaxta qədərki partiya funksionerliyimin və bundan sonrakı partiya üzvlüyümün legitimliyinin tanınmasıdır”. Bu sözləri KXCP-də tutduğu postdan istefa verərək “Demokratik Birlik” fraksiyasında davam etdirən Qaya Əliyev partiyanın Ali Məclisinin katibi Oqtay Gülalıyevə cavabında deyib.

Qeyd edək ki, KXCP Ali Məclisinin katibi bazar günü keçirilən iclasda Qaya Əliyevin partiyadan xaric edildiyinə görə sessiyada iştirak üçün dəvət edilmədiyini bildirib. Qaya Əliyev açıqlamasında əlavə edib ki, bu qərarla partiya rəhbərliyi onun təşkilatdakı funksionerlik haqqının qanunsuz olaraq tanınamaması saxtakarlığına son qoyub:“Belə olan halda mənim məsələni inzibati prosessual qaydada müvafiq inzibati-iqtisad məhkəməsində mübahisələndirməyimə ehtiyac qalmadı”.