KXCP-nin Məclisi aranı qarışdırdı

Mirmahmud Mirəlioğlu Müsavatı hədələdi; Müsavatdan KXCP sədrinə cavab gəldi

Ədalət Yusibov fraksiyadan getmədiyini dedi

KXCP Ali Məclisinin son sessiyasında Ədalət Yusubov, Rüfət Sahiboğlu, Fikrət Cəfərov, Qaya Əliyev və Rafiq Abdullanın İdarə Heyəti üzvlüyündən azad edilməsi haqqında qərar qəbul edilib. Bu barədə məlumat partiyadan verilib.
KXCP sədrinin keçmiş müavini, partiya daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Ədalət Yusibov isə İH üzvlüyündən azad olunması ilə bağlı xəbərin mətbuata ötürülməsini siyasi manipulyasiya və alver adlandırıb. Ə.Yusibov bildirib ki, ilk dəfədir KXCP Ali Məclisinin sessiyası qapalı keçirilib: “Məntiqlə qapalı sessiyada ancaq Ali Məclisə aid məsələlər müzakirə olunmalı və hər şeyin qapalılığı təmin edilməli idi. Həm partiyama hörmət olaraq, həm də öz əxlaqıma uyğun olaraq sessiyada baş verənləri mahiyyəti üzrə açıb, mətbuata ötürməkdən müəyyən qədər vaz keçirəm. Lakin açıqlanan rəsmi məlumatlar var ki, obyektivliyi qətiyyən özündə ehtiva etmir. Mən istefamı sədrə təqdim etmişdim, sadəcə Ali Məclis bunu təsdiq edib. İdarə Heyətinin üzvlüyündən çıxarılması barədə qərardan isə söhbət gedə bilməz. Ola bilsin ki, mətbuat konfransı keçirib, fikirlərimi açıqlayacağam. Bunlarla əlaqədar KXCP sədri Mirmahmud Mirəlioğlu ilə ötən axşam telefon danışığım olub. Onun məsələlərlə bağlı açıqlamasını gözləyirəm. Məndən xahiş edib ki, müsahibəmi gözlə”(APA).
“Azadlıq”a açıqlamasında Ə.Yusibov fraksiyadan çıxdığı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Kökündən yanlışdır. Mən hazırda fraksiyanın yığıncağındayam”.
“İdarə Heyətindən çıxarılmağım barədə qərar qəbul olunubsa, deməli, mən dünənə qədər nəinki, partiya üzvü, hətta partiyanın İdarə Heyətinin üzvü olmuşam. Qərarı təqdir edirəm. Bu, onu sübut etdi ki, mənim may ayında müavinlikdən azad olunmağım barədə söz-söhbət və ya üzvlükdən çıxarılmağım barədə qondarma qərar cəfəngiyyat imiş. Həm də bu qərar rəhbərlik tərəfindən mənim bu vaxta qədərki partiya funksionerliyimin və bundan sonrakı partiya üzvlüyümün legitimliyinin tanınmasıdır”. Bu sözləri KXCP-də tutduğu vəzifədən istefa verərək “Demokratik Birlik” fraksiyasında davam etdirən Qaya Əliyev deyib. O, Ali Məclisin katibi Oqtay Gülalıyevin mənim partiyadan çıxarıldığıma görə Ali Məclisə dəvət olunmamağım barədə fikri qeyri-ciddir və hüquqi cəhətdən absurddur”.
Qeyd edək ki, KXCP Ali Məclisinin katibi Oqtay Gülalıyev  Q.Əliyevin partiyadan xaric edildiyinə görə sessiyada iştirak üçün dəvət edilmədiyini bildirmişdi. Q.Əliyev isə onun bu fikrinin qeyri-ciddi və hüquqi cəhətdən absurd olduğunu bildirib. Onu da əlavə edib ki, bu qərarla partiya rəhbərliyi onun təşkilatdakı funksionerlik haqqının qanunsuz olaraq tanınamaması saxtakarlığına son qoyub:”Belə olan halda mənim məsələni inzibati prosessual qaydada müvafiq inzibati-iqtisad məhkəməsində mübahisələndirməyimə ehtiyac qalmadı”(APA).
Maraqılıdır ki, Ali Məclisin sessiyasına qatılan partiyanın sədri Mirmahmud Mirəlioğu Müsavat Partiyasını hədələyib. O bildirib ki, Müsavat fraksiyaçılara iclas keçirməyə yer versə, bu, Müsavata baha başa gələcək. Müsavat Partiyası başqanının müşaviri Hüseyn Məlik isə KXCP sədrinin hədələrindən məyus olduqlarını bildirib: “Mənim Mirmahmud bəylə dostluq münasibətlərim var. İstəməzdim ki, o, bu duruma düşsün. Onun “Demokratik Birlik” fraksiyası, Müsavat Partiyasına qarşı bu qədər aqressiyasını başa düşə bilmirəm. Yaxşı olardı ki, Mirmahmud Mirəlioğlu tənqidlərini, hədələrini müxalifətə qarşı deyil, hakimiyyətə qarşı yönəltsin. Niyə o, mübarizəsini Rəsulzadə-Elçibəy yolunun davamçılarına qarşı aparır? Burada məqsədi, xeyri nədir? Çox təəssüf edirəm ki, KXCP-nin son illər yürütdüyü siyasət onun müxalifət düşərgəsindən kənarda qalmasına səbəb olub”.
H.Məlik onu da qeyd edib ki, heç kəs Müsavat Partiyası ilə hədə dilində danışa bilməz: “Əgər “Demokratik Birlik” fraksiyası Müsavat Partiyası qərargahında toplantı keçirmək istəyəcəksə, onların müraciətinə müvafiq cavab veriləcək. KXCP-də “Demokratik Birlik” fraksiyasının olması demokratiyanın göstəricisidir. Onun məhvi istiqamətində addımlar atmaq isə demokratiyaya münasibətin təzahürüdür. Açığı, mən Mirmahmud bəydən demokrtiyaya zidd addımlar gözləmirəm”.
“Biz ərkyana Müsavat Partiyasına mövqeyimizi bildirmişik və hesab edirik ki, bu məsələyə qarışmaq, dəstək vermək doğru deyil və hər birimizə baha başa gələr”. M.Mirəlioğlu bunu  məsələ ilə bağlı növbəti açıqlamasında deyib. O bildirib ki, bütün məsələlər Ali Məclisin qapalı keçirilən sessiyasında əsas məğzi üzrə müzakirə edilib: “Fraksiyanın təsisçilərinin partiyadan çıxarılması məsələsi isə müzakirə mövzusu olmayıb”.