Gülər Əhmədovanın adı daha bir saxtakarlıqda

Habil Əliyevin sabiq deputata dəstək verdiyi yalan imiş

ABU-nun sabiq rektoru Elşad Abdullayevin hələ Gülər Əhmədova ilə bağlı ilk videonu yayarkən xalq artisti Habil Əliyevin bir sıra mətbu orqanlarında maraqlı açıqlaması yer almışdı. Həmin açıqlamada H.Əliyev G.Əhmədovanı müdafiə edərək, baş verənlərə kəskin etirazını bildirmişdi. Qeyd edək ki, ilk olaraq bu açıqlama G.Əhmədovaya məxsus «Mərkəz» qəzetinin rəsmi saytında yerləşdirilmişdi. «Bu çirkin kampaniyaya son qoyun! Heç bir kəsin Azərbaycanın layiqli qızı, səsi həmişə ali tribunalardan gələn millət vəkili Gülər Əhmədovanı ittiham etməyə haqqı çatmır. Bu yolverilməzdir. Gülər Əhmədova hər zaman korrupsiyaya qarşı mübarizə aparanların başında dayanıb, indi necə ola bilər ki, yoldan keçənin biri bu ziyalı xanıma iftira yaxsın. Mən bir ağsaqqal olaraq buna kəskin etirazımı bildirirəm və bu «çirkin kampaniyadan» çox narahatam», deyə H.Əliyev vurğulamışdı.

Bu dəqiqələrdə redaksiyamızla əlaqə saxlayan tanınmış vəkil Aslan İsmayılov diqqətimizə maraqlı xəbəri çatdırdı. Öncə əməkdaşımızdan H.Əliyevin G.Əhmədovanı müdafiə edən açıqlamasının hansı mətbu orqanlarında yer aldığını soruşan vəkil daha sonra bildirdi ki, o, hazırda H.Əliyevin evindədir və söhbət əsnasında G.Əhmədova ilə bağlı açıqlama barəsində də fikir mübadiləsi aparıb.Və nəticədə maraqlı cavab alıb. Məlum olub ki, sənətkarımız G.Əhmədovanı müdafiə edən açıqlama ilə çıxış etməyib: «Bu açıqlamadan Habil Əliyevin ümumiyyətlə xəbəri yoxdur. Heç mətbutda onun adından açıqlamanın getməsini də məndən öyrəndi. Məlum oldu ki, bu açıqlama onun adından yayılıb. Habil müəllim bu mövzuda heç bir qəzetə müsahibə vermədiyini söyləyir. Bu cür dəyərli ağsaqalların adının belə çirkin olaylara cəlb edilməsi yolverilməzdir».
Daha sonra H.Əliyevin özü ilə danışan əməkdaşımız bir daha A.İsmayılovun dediklərini sənətkarın özündən xəbər alıb. H.Əliyev də öz növbəsində bu məlumatın onun adından yayıldığını söyləyib.
Onu da qeyd edək ki, hələ bu açıqlama yayılan zaman H.Əliyevin belə mövqedən çıxış edəcəyi bizdə şübhə yaradırdı. Bu baxımdan sırf təsadüf nəticəsində ortaya çıxan gerçəklik bir çox mətləblərə aydınlıq gətirmiş oldu.

Hikmət