Bəşər Əsədin əmisi oğlu əsir götürülüb

İran isə Suriyadakı əsgərlərini çıxarır; Türkiyə sərhədə qırıcılar yığır

Suriya diktatoru Bəşər Əsədin əmisi oğlu Hüsəma Əsədin əsir götürüldüyü haqda xəbər yayılıb. Yayılan məlumatlara görə, Hüsəma Əsədi müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusunun tərkibindəki “Əl Fəruq” dəstəsinin mücahidləri əsir götürüblər.
Suriyalı şeyx Adnan əl Ərur “Twitter” hesabında Bəşər Əsədin əmisi oğlunun əsir götürülməsi haqda xəbəri təsdiqləyib. Hüsəma Əsədin hansı şəraitdə əsir götürüldüyü və harada saxlandığı barədə məlumat verilmir.
Bu arada, Əsəd rejiminin əsas dəstəkçilərindən biri olan Iran Suriyada döyüşən xüsusi təyinatlılarını geri çağırmaq qərarına gəlib. Britaniyada yayımlanan “Sunday Times” qəzetinin yazdığına görə, bu qərarın qəbuluna səbəb Iranda yaranan iqtisadi böhrandır: “Iranın Suriyaya göndərdiyi xüsusi təyinatlılar hökumət qüvvələrilə bərabər müxalifətə qarşı vuruşurdu. Ancaq iqtisadi böhran səbəbindən Iran onları Suriyada saxlamağı məqbul hesab etməyərərk geri çağırmalı olub”.
Xəbərdə deyilir ki, artıq Iranın Suriyadakı 275 xüsusi təyinatlısı ölkəyə qayıdıb. Ekspertlərin fikrincə, Iran Əsəd rejiminə dəstəyini azaltmağa qərar verib. Çünki Tehran rejimi Bəşər Əsədin hakimiyyətdə uzun müddət qala biləcəyinə əmin deyil. Əsgərlərin geri çağırılmasıyla yanaşı, Iran həmçinin Suriya və Livandakı siyasi-hərbi qruplara maliyyə yardımını da dayandırmağa məcbur olub.
Bundan başqa, Türkiyə Suriya ilə sərhəddə baş verən insidentlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Diyarbəkir vilayətində yerləşən 2-ci Hava Qüvvələri briqadasına əlavə 25 döyüş vertolyotu göndərilib. Hərbi rəsmilər qırıcıların Diyarbəkirə göndərilməsinin Suriyadakı hadisələr və Türkiyənin xaricində keçiriləcək əməliyyatlara dəstək xarakteri daşıdığını bildiriblər.
Türk Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi məsələsində hökumətə 1 il haqq tanıyan qanun layihəsinin parlamentdə qəbulundan sonra Türkiyənin Suriya və Iraq sərhədlərində hərbi hərəkətlilik nəzərə çarpır. Iraqın şimalındakı PKK düşərgələrinə aviazərbələrin endirilməsi üçün sərhəd bölgələrə əlavə qüvvələr yeridilib. Hərbi mənbələr sərhədyanı bölgələrdə hərbi gücün artırılmasının həm də Suriya ilə yaşanan insidentlə bağlı olduğunu bildirir.