Saxtakarlığı təsdiqləyən sübut-dəlillər Avropa Məhkəməsinə göndərilib
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin deputat bazarlığıyla bağlı yayımladığı video ölkəni silkələdi. Düzdür, ölkədə hər kəs seçkilərin saxtalaşdırıldığını bilirdi. Ancaq E.Abdullayevin ortaya qoyduğu fakt indiyə qədər deyilənlərin, yazılanların sübutu oldu.
Söhbətləşdiyimiz müxalifət nümayəndələri də istər 2005, istərsə də 2010-cu ildə keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını vurğulamaqla yanaşı, onu da bildirdilər ki, əllərində olan sənədləri həm MSK-ya, həm yerli məhkəmələrə, həm də Avropa Məhkəməsinə göndəriblər.
“Namizəd olduğum dairənin bütün məntəqələrində saxtakarlıq baş verib”
2005-ci ildə “Azadlıq” blokunun Xətai rayonu, 34 saylı ikinci seçki dairəsindən, 2010-cu ildə isə AXCP-Müsavat blokunun Xətai rayonu, 33 saylı birinci seçki dairəsindən vahid namizədi olmuş AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, başqa dairələrdə olduğu kimi, onun namizəd olduğu dairədə də seçki saxtalaşdırılıb: “Əlimizdə bu saxtakarlığı sübut edən sənədlər, o cümlədən protokollar vardı. Sənədləri məhkəmələrə də təqdim etdik. Ölkədaxili məhkəmə instansiyalarını keçəndən sonra Avropa Məhkəməsinə müraciət etdik. Müraciətimiz artıq qəbul olunub. Qərarın nə vaxt çıxarılması isə Avropa Məhkəməsindən asılı olan məsələdir.
Seçki qutularına topa-topa bülletenlərin atılması, əraziyə qeydiyyatı olmayan şəxslərin “karusel” formasında məntəqə-məntəqə gəzdirilməsi, icra hakimiyyəti strukturlarının seçkiyə birbaşa müdaxiləsi, sifarişlə əvvəlcədən müəyyən olunmuş rəqəmlər əsasında saxta protokolların yazılması halları müşahidə olunub. Namizəd olduğum dairənin bütün məntəqələrində bu baş verib. Bu faktları sənədləşdirib müvafiq qaydada Avropa Məhkəməsinə göndərmişik”.
“Mandatım oğurlanaraq YAP-ın icra katibi Əli Əhmədova verilib”
2010-cu ilin parlament seçkilərində AXCP-Müsavat blokunun Nərimanov rayonu, 19 saylı birinci seçki dairəsindən vahid namizədi olmuş AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, həmin vaxt hakimiyyət öz namizədləri üçün yalançı alternativlər müəyyənləşdirirdi: “Məndə məlumat var idi ki, namizədliyimi verdiyim dairədən olan həmin o alternativə pul veriblər ki, ITV-dəki dörd dəqiqəlik çıxışda mənim əleyhimə danışsın. Həmin şəxs seçki kampaniyası aparmamışdı. Bundan başqa, Nərimanov rayonu, 19 saylı birinci seçki dairəsinin məntəqələrində seçkinin saxtalaşdırıldığını sübut edən kifayət qədər faktlar var idi. Avropa Məhkəməsinə müraciətimə bu faktları da əlavə etmişəm. Protokollar sübut edir ki, məntəqələrdə ən çox səsi mən toplamışam. Bu dairədən birmənalı olaraq, xalq mənə səs vermişdi. 2010-cu il parlament seçkilərində haqqı pozulanlardan biri də mənəm. Mandatım faktiki oğurlanaraq, YAP-ın icra katibi Əli Əhmədova verilib. Indi Əli Əhmədov parlamentdə oturub, əslində isə xalq mənə etimad göstərmişdi”.
“Rəqibimlə bağlı rüşvət vermə iddiaları vardı…”
2010-cu ildə Nizami rayonu, 25 saylı seçki dairəsindən AXCP-Müsavat seçki blokunun vahid namizədi olmuş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, istər 2005, istərsə də 2010-cu il parlament seçkilərində hakimiyyətyönlü rəqiblərinin qanunsuz hərəkətlərinin şahidi olub: “Maddi şirnikləndirmə vasitəsi kimi, seçicilərə, sakinlərə müəyyən qanunsuz vədlərin verilməsi və digər qanunazidd hərəkətlərin şahidi olmuşam. 2005-ci ildə rəqibimlə bağlı rüşvət vermə iddiaları vardı. Bu iddiaları efirdən səsləndirmişəm”.
“Deputat mandatı Fuad Muradova ailə tərəfindən hədiyyə edildi”
2005-ci ildə “Azadlıq” blokunun, 2010-cu ildə isə AXCP-Müsavat blokunun Səbayel rayonu, 29 saylı seçki dairəsindən vahid namizədi olmuş AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyir ki, 32 məntəqənin 29-da o, qalib gəlmişdi: “Hətta Ilham Əliyevin səs verdiyi 4 saylı məntəqədə də qalib mən olmuşdum. Çox təəssüf ki, hakimiyyət o vaxtkı Bayıl həbsxanasının dustaqları və iki hərbi hissənin əsgərləri hesabına 154 səs üstünlüyü ilə Fuad Muradovu deputat elan etdi. Əslində, söhbət təkcə seçkinin saxtalaşdırılmasından yox, o dairədən səs verən insanların qürurunun, mənəviyyatının alçaldılmasından gedir. Ölkə başçısının qızının rəfiqəsinin həyat yoldaşı olan Fuad Muradov deputat seçdirildi. Bu mandat Fuad Muradova ailə tərəfindən hədiyyə edildi. Eynilə, 2010-cu ildə də mən seçicilərin səsini qazanmağıma, MSK-ya dəfələrlə etdiyim şikayətlərə baxmayaraq, yenə Fuad Muradov deputat təyin edildi. 2005-ci ildə göndərdiyim sənədlərlə bağlı Avropa Məhkəməsində kommunikasiya mərhələsi başa çatıb. Yaxın günlərdə qərar elan olunacaq”.
Həsən Kərimov deyir ki, 32 məntəqənin hamısının protokolunu əldə edib. Həmin protokollara YAP nümayəndələrilə yanaşı, başqa partiyaların, ayrı-ayrı QHT-lərin təmsilçiləri də imza atıblar: “Bundan əlavə, namizəd olduğum dairədə iki ”Exit-poll” keçirilib, hər ikisində də nəticələrə görə, mən qalib elan olunmuşam”.
“Kütləvi saxtakarlıq seçki prosesi çərçivəsindən çıxmışdı”
2010-cu ilin parlament seçkisində Binəqədi rayonu, ikinci seçki dairəsindən namizəd olmuş “Respublikaçı Alternativ” (ReAL) Vətəndaş Hərəkatının sədri Ilqar Məmmədov da sonuncu seçkidə saxtakarlığın kütləvi hal aldığını qeyd edib: “Dairənin bütün məntəqələrində pozuntular vardı. Əlimdə olan sənədləri, protokolların əslini seçki bitəndən bir gün sonra MSK-ya təqdim etdim. MSK seçkinin ləğv edilməsi üçün əsas görmədi. Parlament seçkilərində kütləvi saxtakarlıq seçki prosesi çərçivəsindən çıxmışdı. Bu artıq siyasi proses idi”.
Ramin DEKO