Orxan Kərimov məhkəmədə şok faktlar açıqladı

«Qanunsuz olaraq abituriyentlərə tələbə statusu verilməsi üçün bəzi rektorların xahiş məktubu Misir Mərdanovun adına yazılıb, müsbət cavabı da o verib…»

Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun mühakiməsi davam edir. Orxan Kərimov məhkəməyə ifadəsində bildirib ki, 2006-cı ildən Təhsil Nazirliyində işləyib. Sənədələrə diqqət yetirəndə isə məlum olur ki, qanunsuz köçürmələr hələ 1999-cu ildən mövcuddur. Bu ciddi məqamın istintaq tərəfindən araşdırılmadığını deyən Orxan Kərimovun sözlərinə görə, qanunsuz köçürmələrlə bağlı araşdırma ilk dövrü də əhatə etməliydi.
“Rafiq Hüseynov kimi dələduzlar cinayətkar şəbəkəni təşkil etmək üçün bir neçə nəşriyyat, ümumilikdə 67 universitet və texnikuma aid ştamplar, möhürlər təsis ediblər. Həmin nəşriyyatlar Təhsil Nazirliyinin sifarişilə uzun illərdir dərsliklərin çapı ilə məşğul olurlar. Yəni, bu məsələ təəccüblü gəlir. Ancaq istintaq bunu da araşdırmayıb”, – deyə Orxan Kərimov bildirib.
Onun sözlərinə görə, dələduzlar niyyətlərini həyata keçirmək üçün Rusiya universitetlərinin möhürlərindən istifadə ediblər: “Təsəvvür edin ki, hansısa nəşriyyat şəxsə Rusiyaya aid möhür verir… Burada qaranlıq qalan, açılmayan məqamlar çoxdur. Heç yerdə oxumayan, TQDK-nın imtahanlarında keçid balı toplamayan insanların universitetlərə köçürülməsi, qanunsuz olaraq abituriyentlərə tələbə statusu verilməsi üçün bir sıra ali məktəb rektorlarının xahiş məktubu nazir Misir Mərdanovun adına yazılıb. Müsbət cavabı da o verib. Bu işlər araşdırılmadan məsuliyyəti mənim üzərimə yönəldiblər”.
Orxan Kərimov deyir ki, istintaq baş verənlərə görə məsuliyyət daşıyan, qanunsuz əməllərdə əli olanları nədənsə narahat etmək istəməyib: “Rafiq Hüseynovun mənim adımdan istifadə etməsi, onlardan pul alması, özünü MTN əməkdaşı kimi təqdim etməsi necə olub? Onda əminlik hardandır ki, bu boyda riskə gedib? Bütün bu dediklərim iş materiallarında şahid ifadələri kimi öz əksini tapıb. Ümid edirəm ki, məhkəmə sonda ədalətli qərar verəcək”.
Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, rüşvət almaqda ittiham olunur. Ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.

Ramin DEKO