Zərdab rayonunda mərkəzi yol bağlanıb. Bu barədə “Azadlıq”a məlumat verən rayon sakinlərinin sözlərinə görə, Zərdabın əsas yolu olan Heydər Əliyev prospektinə giriş yasaqlanıb. Buna səbəb isə yaxın günlərdə rayona Ilham Əliyevin səfərinin nəzərdə tutulmasıdır.
Zərdab sakinləri deyir ki, qadağa barədə göstəriş icra başçısı Lütfəli Babayevdən gəlib: “Göstərişə görə, heç kim buradan istifadə edə bilməz. Deyirlər ki, Ilham Əliyevin səfərinə görə mərkəzi yol təmiz qalmalıdır. Yolu yuyublar, təmiz saxlayırlar ki, ölkə başçısı gələndə problem olmasın”.
Zərdablılardan onu da öyrəndik ki, Ilham Əliyevin səfəri zamanı rayondôa yeni çəkilmiş su xəttinin də açılışı olacaq: “Ağsudan Zərdaba çəkilən su xətti gələn il sakinlərin ixtiyarına veriləcək. Hələ də xəttin çəkilişi gedir, yəni, işlər tamamlanmayıb. Amma elə görüntü yaradacaqlar ki, guya, artıq başa çatıb. Halbuki, zərdablılar içməli suyu gələn ilin sonlarında görəcək”.
Ramin DEKO