Hər oliqarxın öz deputat qrupu var

Gülər Əhmədovanın dediklərini siyasilər də təsdiqlədi

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətin videoyazısının daha bir fraqmentini yayıb. Bu dəfəki videomaterialda iki məqam diqqəti çəkir. “Mandat bazarlığından” belə anlamaq olur ki, hər hansı bir şəxsi deputat seçdirən, yaxud bunun üçün vasitəçilik edən onun üçün zəmanət verməlidir.

Məsələn, Gülər Əhmədovanın Sevinc Babayevaya vaxtilə deputat olanların hakimiyyətdə təmsil olunan digər qruplara xidmət etməsini xatırlatması və bunun bir daha təkrarlanmayacağını deməsi bunu təsdiq edir. Həmçinin G.Əhmədova söhbət əsnasında konkrert siyahıların olduğunu da vurğulayıb: “Adamlar var, Fərhadın adamıdır. Konkret bilirlər ki, bu, Fərhadın siyahısıdır, bu Əli Insanovun siyahısıdır. Bilirlər ki, bu, Kəmaləddin Heydərovluqdur, bu Ramiz Mehdiyevlikdir, bu Ilham Əliyevlikdir, bu Mehriban Əliyevalıqdır”.
Videoyazıda əks olunan söhbətdən qeyd olunan məqamlar nələrdən xəbər verir?

Qurban Məmmədov: «Başqa qrupun adamını şərtlərlə seçdirirlər»

Hüquqşunas Qurban Məmmədov hesab edir ki, bu hakimiyyət daxili müxtəlif qrupların, parlamentdə lobbiçiliklə fəaliyyəti ilə məşğul olan adamların olmasından xəbər verir. Digər tərəfdən onu göstərir ki, başqa qrupun adamını şərtlərlə seçdirirlər.
Hüquqşunasın sözlərinə görə, hakimiyyət müstəqil düşünən, müstəqil qərar qəbul edə bilən adamı heç vaxt parlamentə buraxmaz. Vaxtilə müxalifətdən parlamentə düşən bəzi deputatlar da əks cərgi ilə əlverlə girib: “Yüz faiz söz vermədən ki, mən siz dediyiniz kimi davranacağam, filan sərhədləri aşmayacağam, heç kimi parlamentə buraxmazdılar.  Müxalifət adı ilə də gedib həmin alveri edənlər olub”.

Mahal İsmayıloğlu: «Parlamentin Ramiz Mehdiyevin sayəsində çox ifrat metodlarla formalaşdığını bir daha təsdiqlədi»

Tanınmış yazar Mahal Ismayıloğlu isə parlamentin hələ Heydər Əliyevin prezidentliyi dövründən parlamentin ayrı-ayrı məmurların nəzarətində olduğunu deyir. Ilham Əliyevin dövründə isə bu tendensiya açıq müstəviyə keçib: “Parlamentdə 30-ya yaxın deputat oliqarx məmurların yaxın qohumu, atası, qardaşıdı. Deputatların böyük əksəriyyəti ayrı-ayrı şəxslərin marağının qoruyucusu rolunda çıxış edir. Öz adamını deputat seçdirmək nüfuz savaşında da köməyə gəlir”.
M.Ismayıloğlunun sözlərinə görə, parlamentdə hansısa məmurun xidmətində durmaqla yanaşı regionçuluq amili də nəzərə alınır. Elşad Abdullayevin açıqladığı videoyazı isə parlamentin məhz Ramiz Mehdiyevin sayəsində çox ifrat metodlarla formalaşdığını bir daha təsdiqlədi.

Fizzə