Hicab aksiyasının müəammaları

Etirazı kimlər təşkil etmişdi?

Oktyabrın 5-də bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında keçirdiyi aksiya ilə bağlı xeyli qaranlıq məqamlar var. Əvvəla Azərbaycandakı dini icmaların heç biri aksiyanın təşkilini üzərinə götürməyib.

Dini birliklər xəbərsizdir

Məsələn, Azərbaycan Islam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli aksiyanın partiya tərəfindən təşkil olunmadığını deyib. O bildirib ki, aksiya keçirilməsi ilə bağlı partiyada heç bir qərar olmayıb və üzvlərinə də orada iştirakla bağlı göstəriş verilməyib. “Ola bilər aksiya zamanı hansısa üzvümüz ona qoşulsun, amma belə bir ehtimal çox azdır” – deyə sədr müavini əlavə edib.
“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli də aksiyaya aidiyyətlərinin olmadığını bildirib: “Mən həmişə bitərəf olmuşam. Aksiyanın təşkilatçılarından isə qətiyyən xəbərim yoxdur. Kimlərin təşkil etdiyini bilmirəm”.

VHP Iran kəşfiyyatının rolunu istisna etmir

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası dünən yaydığı bəyanatda aksiyanın təşkilində Iran kəşfiyyatının rolunu istisna etməyib. Bəyanat müəllifləri “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyada yaşanan qarşılıqlı zorakılıq faktlarını təəssüflə qarşılayır və hakimiyyətin sərbəst toplaşma azadlığını təmin etməli olduğunu düşünürlər. Lakin hesab edirlər ki, dindarların xüsusi aqressivlik nümayiş etdirməsi və qanunun tələblərinə qarşı çıxması birmənalı qarşılana bilməz: “Islam ehkamları müsəlmanın din və əxlaq, torpaq və vətən, müsəlmanın tapdanan heysiyyəti naminə ölümə getməsini buyurursa, bəs niyə dindarlarımız Qarabağda təhqir olunan müsəlman ana-bacılarımız, torpağımız və əxlaqımız uğrunda anoloji aksiya keçirmirlər? Kiçik yaşlı uşaqlara öz dindaşlarından aşırı aqressivliklə baş örtüyü tələb edən dindarlar Qarabağda bu millətin baş örtüyünü təhqir edən din və millət düşmənlərinə qarşı niyə adekvat reaksiya göstərmirlər? Bütün bu və ya digər suallar aksiyanın təşkilində xarici qüvvə, xüsusilə Iran kəşfiyyatının rolunu istisna etmir”.

“Hakimiyyət aksiyanın olacağını əvvəlcədən bilirdi”

“Azadlıq”a açıqlamasında Islam Partiyasının sədr müavini Rövşən Əhmədli 5 oktyabr aksiyasının onlara aidiyyətinin olmadığını bəyan edib: “Əvvəla, hökumət insanların aksiya keçirməsi üçün şərait yaratmalıdır. Insanların nəyə görə etiraz etdiyi məlum olmalıdır. Aksiyanın təşkilinə gəlincə, bizim ona heç bir aidiyyətimiz yoxdur. Biz də hamı kimi aksiyanı görüntülərdə izləmişik. Yalnız ondan sonra bilmişik ki, belə bir aksiya olub. Amma zaman-zaman belə fikir səsləndirilirdi ki, dindarlar hər cümə aksiya keçirəcək. Yəni hakimiyyət bunu əvvəlcədən bilirdi. Necə oldu ki, 200 nəfər mütəşəkkil şəkildə Təhsil Nazirliyinin qarşısına yığışdı və buna maneəsiz şərait yaradıldı? Bunun özü artıq bəzi şübhəli məqamlardan xəbər verir. Görünür, kimlərsə marağında olub ki, bu cür qarşıdurma yaransın və onun qarşısı belə amansızlıqla alınsın. Və bu kimlərəsə göstərilsin. Məsələni bu cür zor müstəvisində həll etmək dövlət və millət üçün zərərlidir. Baş verənləri təxribat kimi qiymətləndirirəm və inanmıram ki, istintaq bunu lazımi şəkildə araşdırıb həqiqətləri üzə çıxaracaq”.

“Məqsəd, gündəmi dəyişmək olub”

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu isə hesab edir ki, dindarların son aksiyası ölkə daxilində təşkil olunub: “Bu, daha çox hakimiyyətdəki qruplaşmalar arasında mübarizənin təzahürüdür. Əsas hədəf hazırda kifayət qədər aktual olan məlum rüşvət videosunu gündəmdən çıxarmaqdır. Hakimiyyətin bu qalmaqallı nə qədər qapatmağa çalışsa da, biz orada hakimiyyətdaxili qrupların mübarizəsin görürük. Məsələn, deputat Zahid Orucun Ramiz Mehdiyevin adından verdiyi son açıqlama birbaşa mesaj xarakteri daşıyırdı. Elşad Abdullayevin yaydığı videomaterialların gündəmə gəlməsi və hakimiyyəti ciddi şəkildə silkələməsi gündəmin dəyişdirilməsi zərurətini yaradır. Elə bir hadisə baş verməli idi ki, video qalmaqalı gündəmdən çıxsın. Bu birbaşa hakimiyyətin ən yuxarı pillələrindən sanksiyalaşdırılıb. Amma bir versiya da mümkündür ki, məlum videonun yayılmasında hakimiyyət daxilindəki bir qruplaşma dayanır. Ola bilsin ki, həmin video ətrafında qalmaqal, hakimiyyətdaxili qrupların toqquşması məsələni gündəmdən çıxarmaq ehtiyacını yaradıb. Dindarların aksiyasının təşkilatçısı da elə həmin qruplaşma ola bilər. Bu yolla diqqəti yayındırmağa çalışırlar”.
Ə.Oruclu aksiyanın dindarların öz təşəbbüsü ilə keçirilməsinə inanmadığını deyir: “Çünki bu aksiyaya 200 adamı yığmaq, onları standart zopalarla silahlandırıb təhsil Nazirliyinin qarşısına gətirmək asan məsələ deyil. Gənclər adətən Iran səfirliyinin və ya başqa qurumların qarşısında aksiya təyin edəndə onları iki gün əvvəl evlərindən yığırlar. Burada isə 200 nəfər gəlib və aksiya keçirib”.
Xatırladaq ki, iş üzrə 65 nəfər saxlanılıb, Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlayıb. Prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.