Yerli icra hakimiyyəti orqanlarında ixtisarlar davam edir
Prezident Adminstrasiyasının müvafiq sərəncamına əsasən, Azərbaycanda 2001-ci ildən sonra yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifəyə təyin olunan orta təhsilli dövlət qulluqçularının hamısının dövlət qulluğuna xitam verilir.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərovun bildirdiyinə görə, yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifələrdə çalışan orta təhsilli şəxslərin işdən azad olunması bu ilin iyununda “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”yə edilən əlavə və dəyişikliklərə uyğun həyata keçirilib.
“Dövlət qulluğu haqqında” qanunun qəbulundan, yəni 2001-ci ildən əvvəl bu vəzifəyə götürülən orta təhsilli dövlət qulluqçularına isə toxunulmur.
Modern.az saytının xəbərinə görə, Ismayıllı rayonunda orta təhsilli icra nümayəndələrinin ötən həftədan başlayan kütləvi ixtisarı artıq başa çatıb. Ismayıllı rayonu Icra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı Nizami Ələkbərovun əmri ilə inzibati vəzifə tutan orta təhsilli 52 nəfər icra nümayəndəsi və müavinləri işdən kənarlaşdırılıb.
Ixtisara düşən icra nümayəndələrinin və müavinlərin boş qalan yerlərinə hələki təyinat aparılmayıb. Həmin vəzifələrə ali təhsilli şəxslərin qəbulu müsahibə yolu ilə həyata keçiriləcək.
Ismayıllı rayonu Icra hakimiyyətinin başçısı Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.