Elşad Abdullayev yeni açıqlamalar verəcəkmi?

«Bu, istintaqın nə dərəcədə obyektiv aparılacağından asılıdır»

Deputat Əli Hüseynov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi ittiham edib. Əli Hüseynov sabiq rektoru “təhsil işbazı” adlandırıb. Həmçinin iddia edib ki, Elşad Abdullayev “hətta öz qardaşı ilə bağlı hadisədən spekulyasiya edir”.
Əli Hüseynov bu fikirlərinə münasibət öyrənmək üçün Elşad Abdullayevlə əlaqə saxladıq. Sabiq rektor Əli Hüseynovun fikirləri ilə tanış olmadığı üçün heç bir şərh vermək istəmədiyini dedi. Sabiq rektorun qardaşının oğurlanması, həmçinin “Gülər Əhmədova olayı” ilə bağlı yeni açıqlamalar verib-verməyəcəyinə gəlincə, Elşad Abdullayev bildirdi: “Bu istintaqın nə dərəcədə obyektiv aparılacağından asılıdır. Mən tələb edirəm ki, burada təkcə dələduzluqla yox, adam oğurluğu faktı ilə də cinayət işi başlanmalıdır. Hələlik gözləyirəm, görüm nə olacaq”.
Elşad Abdullayev hüquq müdafiəçilərinin onunla görüşə konkret təkliflərlə gəlməsi barədə yayılan məlumat barədə də danışmaq istəməyib: “Bu barədə vəkilim Adil Ismayılovla danışın”.
Adil Ismayılov isə Azadlıqa bildirib ki, onda bu barədə məlumat yoxdur: “Mən yalnız onu bilirəm ki, hüquq müdafiəçiləri Elşad Abdullayevlə görüşüb. Onların təkliflərinə gəlincə, açıqlasınla görək nə deyirlər”.

Hikmət