Ehtiyat igidin yaraşığı, ehtiyat fond korrupsiya mənbəyidir

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 171 milyon 330 min manat xərclənib. Hara və necə xərclənib? Bu xərcləmələrə qismən də olsa aydınlıq gətirməyə çalışacağıq. Aydınlıq ona görə qisməndir ki, fonddan vəsaitin necə xərclənməsiylə bağlı hər hansı məlumat almaq çətindir. Sərəncamlar var, hansı istiqamətlərə ayrılması bəllidir. Ancaq problem ayrılan pulların ünvanına çatması və necə xərclənməsidir. Fonddan vəsait əsasən rayonların “sosial-iqtisadi inkişafı” məqsədilə ayrılır və hər il eyni işlərə – daşa-divara xərclənir.

Ümumiyyətlə, belə bir fonda, onun büdcə vəsaitini bu şəkildə sağa-sola xərclənməsinə hansı zərurət var? Başqa dövlətlərdə də belə fondlar varmı və onlar vəsaiti necə xərcləyirlər?ÿ
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin sədr müavini Rövşən Ağayevlə bütün bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.
– Əvvəla, Azərbaycanda bilavasitə dövlət büdcəsinin vəsaitləri hesabına formalaşan Prezident Fondunun həcmi kifayət qədər iri məbləğlərlə ifadə olunur. Belə ki, ölkə başçısının büdcənin illik gəlirlərinin 2 faizinədək hissəsinə parlamentlə razıdaşdırmadan, təyinatını özü müəyyən etmək şərtilə müstəqil sərəncam vermək hüququ var. Məsələn, dövlət büdcəsinin 20 milyard manat təsdiqləndiyi şəraitdə, Prezident Fonduna 400 milyon manat vəsait ayrıla bilər. Başqa tərəfdən, qüvvədə olan qanunvericilik Prezident Fondunun təyinatına hər hansı məhdudiyyət qoymur. Burada yalnız bir neçə istisna var. “Büdcə sistemi haqqında” Qanunun 6-cı maddəsinə görə,ÿseçkilərin və referendumların keçirilməsi, ölkə rəhbərinin fəaliyyətinin təbliği istisna olmaqla, bu Fondun vəsaitləri ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən bütün tədbirlərə yönəldilə bilər. Dünyada prezidentlərin ehtiyat fondunun yaradılması təcrübəsi çox geniş yayılmasa da, amma buna rast gəlinir. Məsələn, Finlandiyada prezidentin fondunun həcmi 1 milyon av6rodan da azdır və həmin fond yalnız xüsusi təltiflər üçün nəzərdə tutulub. Halbuki Finlandiyanın dövlət büdcəsi Azərbaycanınkından təxminən 2,5 dəfə çoxdur.

İmam adıyla özünə gün ağlayanlar…

“Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən ”Imamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər Icra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın”. Bütün vəsaitlər bu şəkildə – il ərzində verilən sərəncamlarla ayrılır. Bu Sərəncam da ilin sonunda – 2011-ci ilin dekabrın 30-da imzalanıb.ÿBurda diqqət çəkən məqam “…işlərin sürətləndirilməsi məqsədi ilə…” sözləridir. Bundan əvvəl – 2010-cu il martın 1-də Prezidentin Ehtiyat Fondundan “Imamzadə” kompleksinin bərpası üçün Gəncə şəhər Icra Hakimiyyətinə 3 milyon manat ayrılmışdı. Görünür, yetərli olmayıb. Niyə yetməyib? Bu suala da bütün başqa suallar kimi cavab tapmaq çətindir. Çünki bəlli deyil ayırmalar necə olur? Normalda mütəxəssislər çalışır, qiymətləndirir, bərpanın neçəyə başa gələcəyini müəyyənləşdirir və bundan sonra hansısa məbləğ ayrılır. Bizdə isə əksinədir, pul ayrılandan sonra nə qədər xərcləyəcəklərini müəyyənləşdirirlər. Yoxsa “…işlərin sürətləndirilməsi məqsədi ilə…” nə deməkdir? Vəsait ayrılıbsa və bərpa müddəti müəyyənləşibsə, “sürətləndirmək” hansı məntiqə sığır? Axı bərpanın spesifik xüsusiyyətləri var. Təxminən uşağın doğulması kimi bir şeydir. Demək olmaz ki, doğuşu sürətləndir, vaxtından altı ay tez doğ.
Hər il bu fonddan Bakı Şəhər Icra hakimiyyətinə də milyonlar ayrılır. Baxmayaraq ki, Bakı şəhəri onsuz da büdcənin əhəmiyyətli hissəsini yeyir. Bu vəsait də əsasən “abadlıq və yenidənqurma” işlərinə xərclənir.ÿ2012-ci il də daxil olmaqla son illərdə BŞIH-ə ayrılan bu məbləğ 806 milyon manat (“Azadlıq” radiosu) olub ki, onun da 50 milyon manatı Prezidentin Ehtiyat Fondunun payına düşür. Üstəlik, Ehtiyat Fonddan, həm də ilin son günlərində (16 dekabr, 2011) 10 milyon manat ayrılmasının hansı anlamı verdiyinin izahı yoxdur.
Yeri gəlmişkən, Fonddan xərcləmələr əsasən ilin ikinci yarısına təsadüf edir. 2011-ci ilin ilk yarısında ehtiyat fonddan müxtəlif məqsədlər üçün 71 milyon ayrılıb. Ilin ikinci yarısı üçünsə bu məbləğ 100 milyonu ötür. Daha maraqlı bir məqam vəsaitin hansı məqsədlər üçün ayrılmasıdır. Elm adına bu fonddan 2011-ci il ərzində cəmi 7ÿmilyon ayrılsa da, təmir-tikinti üçün bu məbləğ 150 milyonu keçir. Bu vəsaitin də ən çox yeyilən hissəsi “rayonların sosial-iqtisadi inkişafı”na ayrılanlardır. Həmin işlərin nədən ibarət olmasını isə elə prezidentin saytında yerləşdirilmiş xəbərlərdən aydınlaşdırmaq olur. Istənilən rayona səfərlə bağlı informasiyada bunları oxuya bilərsiniz. “Ilham Əliyev Masallı rayonuna gəlib, ulu öndərin heykəli önünə tər çiçək dəstələri qoyub, heykəl ətrafında aparılan abadlıq və yenidənqurma işləri ilə tanış olub”. Eyni sözlər Cəlilabada, Saatlıya, Ağcabədiyə və başqa rayonlara səfərlərdən verilən məlumatlarda təkrarlanır. Hər belə səfərlərin sonu həmin rayona “sosial-iqtisadi inkişaf”ın davam etdirilməsi üçün ən azı daha 2 milyon manat ayrılması ilə yekunlaşır. Prezidentin növbəti səfərinə dərhal hazırlıq başlanır; yəni heykəlin ətrafı yenidən qurulur…
Yeri gəlmişkən, adının çəkilməsini istəməyən bir məktəb direktoru ayrılan bu vəsaitlərin rayonlara gedib çatmadığını deyir. Onun sözlərinə görə, fondun adı ilə aparılan istər məktəb, istərsə də başqa tikinti “daxili imkanlar hesabına” başa gəlir. Ya bu rayondan deputat edilmiş adama, ya da bölgənin qeyri-rəsmi sahibi olan hansısa oliqarx-nazirə bu işlər gördürülür…ÿÿ

“İnkişaf”ın Xaçmaz nümunəsi

Daha bir informasiyaya diqqət yetirək. “23 sentyabr 2011.ÿIlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olmuşdur.
…Bildirildi ki, seyrəngaha Heydər Əliyev bulaq kompleksi, Ilham Əliyev bulaq kompleksi, samovar kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. Ilham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılmışdır. Kompleks müasir qaydada işıqlandırılmışdır.

Qeyd olundu ki, Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilmişdir. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılmışdır. Kompleksin ərazisində ulu öndər Heydər Əliyevin və Prezident Ilham Əliyevin mozaika ilə portretləri işlənmişdir. Hər iki kompleksin arasında olan Bakı prospekti boyunca 5 hektar ərazidə xiyaban salınmış, 12 metr hündürlüyündə samovar kompleksi yaradılmışdır”.
Bu, rayonun(rayonların) “sosial-iqtisadi inkişafı” sayılır. Büdcə vəsaitləri bu şəkildə havaya sovrulur. …Bakıya qayıdan dövlət başçısı “Xaçmaz rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün…” sentyabrın 26-da ehtiyat fonddan daha 3 milyon manat ayırdı.

Rövşən Hacıbəyli

ardı var