Orxan Mansurzadə: «Normal məntiqi, düşüncəsi olan dövlət qulluqçusu belə cinayətə getməz»
Hakimiyyətyönlü politoloq Cümşüd Nuriyevin Azərbaycanda 42 mindən artıq erməninin olduğu, onların bir hissəsinin də yüksək vəzifələrdən təmsil olunduqları barədə ötən sayımızda məlumat vermişdik. C.Nuriyev onu da bildirmişdi ki, hazırda parlamentdə erməni qarışığı olan 10 deputat var.
Politoloq həmin ermənilərin öz sənədlərini Daxili Işlər Nazirliyinin arxivində rüşvət müqabilində dəyişdirdiklərini, köhnə sənədlərini isə arxivdən götürdüklərini demişdi. O, məsələ ilə bağlı hüquqşünas Aslan Ismayılovla birgə arxivdə araşdırma apardığını və sənədlərin dəyişdirilərək ermənilərin müsəlman kimi qeyd olunmasına şahid olduğunu deyib.
Aslan İsmayılov: «Tək parlamentdə yox, hakimiyyətin ən yüksək zirvələrində çoxlu sayda erməni qohumları olanlar var»
“Azadlıq”a açıqlamasında A.Ismayılov bildirdi ki, Cümşüd Nuriyevin dediklərində həqiqət var: “Həqiqətən də parlamentdə çoxlu erməni əsilli insanlar var. Bunu bilirəm. Ancaq mən hansısa arxivə baxmamışam. Və Cümşüd bəylə heç bir araşdırma aparmamışam. Sadəcə olaraq o, bu mövzuda danışdığına görə bir-iki dəfə ona bu səpkidə sual vermişəm. Bununla bağlı məndə olan məlumatları dəqiqləşdirməyə başlamışam. Çünki mən ”Sumqayıt – SSRI-nin süqutunun başlanğıcı” kitabını yazandan sonra bu kitaba belə çox ögey münasibətin kökünü axtarmaq istəyirdim. Onda gördüm ki, Azərbaycanda tək parlamentdə yox, hakimiyyətin də ən yüksək zirvələrində çoxlu sayda erməni qohumları olan insanlar var. Mən kitaba olan laqeyd münasibəti də onunla izah etdim. Bu kitab həm Azərbaycan dövləti, həm milləti, həm də Qarabağ problemi üçün çox vacib arxiv sənədlərini özündə əks etdirir. Azərbaycanda o kitabı orta məktəblərin tədris planına salmaq, universitetlərdə, məktəblərdə gənclərlə görüş keçirmək, Sumqayıtda nələrin baş verdiyini bugünkü gənc nəslə anlatmaq istəmişdim. Amma imkan vermədilər. Bircə məktəbdə görüş keçirdim, sonra dərhal qarşısı alındı. Buna görə də mən bu məsələyə həssas yanaşdım”.
A.Ismayılov bildirir ki, dinindən, irqindən, cinsindən, millətindən asılı olmayaraq bütün insanlara eyni gözlə baxır. Amma Azərbaycan ermənilərlə müharibə şəraitində olduğu üçün hesab edir ki, onlarla qarışığı olanların yüksək dövlət vəzifələrində, yaxud parlamentdə təmsil olunması yolverilməzdir.
DIN mətbuat xidmətinin təmsilçisi Orxan Mansurzadə nazirliyin sözügedən formada arxivinin mövcud olmadığını bildirdi: “Burada söhbət, doğum şəhadətnamələrindən başlayaraq hərbi sənədin qeydiyyatına qədər bir neçə sənəddən gedir. Bütün doğum şəhadətnamələrinin kökü qeydiyyat idarələrindədir. Mən inanmıram ki, ciddi əsas olmadan orada belə şeylərə gedələr. DIN-ə gəlincə, söhbət ancaq şəxsiyyət vəsiqələrindən gedə bilər. Şəxsiyyət vəsiqələrində hər hansı ad və ya başqa dəyişiklik olarsa, bunun üçün çox ciddi səbəb olmalıdır. Bunun üçün də ya məhkəmə qərarı olmalı, ya Ədliyyə Nazirliyi və digər qurumların təqdim etdiyi sənədlərdə dəyişiklik olmalıdır.
Amma pul müqabilində köklü dəyişikliklərin edilməsinin heç bir hüquqi, məntiqi əsası yoxdur. Çünki belə əməllərdə cinayət tərkibi var. Normal məntiqi, düşüncəsi olan dövlət qulluqçusu belə şeyə getməz. Deyilənlər bu məsələ ətrafında ajiotaj yaratmaq, populist fikirlər səsləndirmək cəhdidir”.