BDU-dan Gülər Əhmədovaya ərizə yazmaq təklif olunub

Mandatını itirən sabiq deputatın başqa qurumlardakı iş yerlərini də itirmək üzrədir

Milli Məclisin rəsmi saytı eks-deputat Gülər Əhmədovanın adını  deputaların siyahısından çıxarıb. Modern.az bildirir ki, həmçinin G.Əhmədovanın təmsil olunduğu  34 saylı Xətai 2-ci seçki dairəsinin adı da parlamentin rəsmi saytından götürülüb.
“Bizim Yol” qəzeti isə məlumat yayıb ki, Bakı Dövlət Universitetində (BDU) müəllim kimi çalışan Gülər Əhmədovanın buradakı işi sual altına düşüb. Məlum videonun yayımından sonra Gülər Əhmədova universitetə getmir.
Başqa bir məlumatda isə Gülər Əhmədovanın MTN-nin nəzdindəki Əsir və Girovların Axtarışı üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılacağı da bildirilir.
BDU-dan “Azadlıq”a bildirilib ki, bu məsələ ilə bağlı bazar ertəsi məlumat veriləcək. MTN-lə isə əlaqə saxlamaq mümkün olmayıb.
Redaksiyamıza həmçinin məlumat daxil olub ki, BDU-nun rəhbərliyi Gülər Əhmədovaya öz ərizəsi ilə işdən çıxmağı təklif edib. Sabiq deputatın hələ ki, işdən çıxmaq barədə ərizə yazıb-yazmadığı bəlli deyil.
Xatırladaq ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı yayımladığı videomaterialda Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib. Bu hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Gülər Əhmədova isə mandatdan imtina etməsi ilə bağlı MSK-ya müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib.