İsa Qəmbər: «Videoçarx göstərdi ki, hətta «hakim» partiya belə öz deputatlarının siyahısını formalaşdırmır»
“Siyasi dəyişikliklər qaçılmazdır və yaxşı olardı ki, onlar təkamüllü olsun”, – Müsavat Partiyasının sədri Isa Qəmbər “Obyektiv TV”yə müsahibəsində bildirib. Təəssüf ki, diktatorlar tarixin dərslərini nəzərə almırlar. Belə ki, Misirdə Mübarək tunisli həmkarından qəddar idi, Qəddafi ondan da qəddar idi, lakin vəhşicəsinə öldürüldü.
Əsəd minlərlə qurbanının hesabına hakimiyyətdən yapışıb, həmsərhəd dövlətlərini münaqişəyə cəlb edir, amma bu da onu xilas etməyəcək.
Hər şey hakim ailənin maraqlarına tabedir
Azərbaycanda orta əsr rejimi hökmranlıq edir, hər şey hakim ailənin maraqlarına tabedir. Deputat Gülər Əhmədova ilə bağlı qalmaqallı videoçarx da bunu göstərdi. Ali dövlət məmurlarına çıxışı olan bu deputat açıq şəkildə deputat kreslosunu milyon dollara satır.
G.Əhmədova açıq şəkildə deyir ki, ölkədə bir seçici var, deputatların siyahısı isə əvvəlcədən hazırlanır və namizədin pul qabının həcmindən asılı olaraq dəyişir.
Videoçarx göstərdi ki, hətta “hakim” partiya belə öz deputatlarının siyahısını formalaşdırmır. Müxalifətçi adlanan deputatlar da daxil olmaqla, bütün deputatlar Prezident Administrasiyasının süzgəcindən ilkin olaraq keçirilərək təyin edilir.
Nəticə etibarilə parlamentin sessiyasında heç kim bu biabırçı fakt haqqında bir kəlmə də danışmadı. Deputat mandatlarının satışı seçkidən seçkiyə genişlənir.
Belə ki, 1995-ci ildə bu cür hallar istisna təşkil edirdi, 2010-cu ildə onlar çox oldu. Bu adamlar deputat toxunulmazlığı naminə siyasətçilərin yerlərini tuturlar.
Qonşu Gürcüstanda dustaqların alçaldılması faktları ilə bağlı videoçarx bütün ölkəni silkələdi. DIN rəhbəri, Penitensiar Xidmətin rəisi istefa verdi. Azərbaycanda da bu cür hallar az deyil. 2011-ci ildə sosial şəbəkədə əsgərin alçaldılması və Azərbaycan ordusunda açıq “dedovşina” barədə çarx yayımlanmışdı. Yerli ictimaiyyət hiddətlənmişdi, lakin fakt üzrə bir çavuş həbs olundu.
Oğrunu düzgün məmurla əvəzləmirlər
Ötən ildən hakimiyyət beynəlxalq təşkilatlar qarşısındakı öhdəlikləri çərçivəsində “korrupsiyaya qarşı mübarizə” aparır. Onun fəaliyyətinin nəticəsi olaraq prokuror köməkçisi, baş həkim, məktəb direktoru və digər kiçik icraçılar həbs olunublar. Hərbi komissarlığın əməkdaşları vəzifəsindən çıxarılıblar, ancaq kimlərlə əvəzləniblər? Yerli siyasi idarəetmənin sxemi belədir ki, oğrunu düzgün məmurla əvəzləmirlər, elə onun kimisini qoyurlar.
Ictimai Palata və Müsavat Partiyası 2010-cu ilin parlament seçkilərindən dərhal sonra legitim olmayan parlamentin buraxılmasının vacibliyini bəyan etmişdi. Ötən iki ildə real müxalifət diqqəti siyasi islahatların vacibliyinə yönəldir və Milli Məclisə vaxtından əvvəl seçkilər bir nömrəli məsələdir.
Prezident seçkilərinədək olan dövr qızğın olacaq
Gürcüstanda parlament seçkilərinə gəlincə, Azərbaycan ictimaiyyəti və siyasəti bundan çox şey öyrənməlidir. “Qızılgül inqilabı”ndan sonra davamlı islahatların sayəsində ölkədə qanunun aliliyi bərqərar oldu, siyasi məqsədəuyğunluq yox. Hakimiyyət bölgüsü mövcuddur, KIV həm siyasi qüvvələrin, həm də ictimai axının ruporudur.
I.Qəmbər hesab edir ki, 2013-c ildə Azərbaycanda prezident seçkilərinədək olan dövr qızğın olacaq, ölkənin ictimai-siyasi həyatında keyfiyyətli dəyişikliklər baş verəcək. Ölkə bir sıra beynəlxalq öhdəliklər qəbul edib və onun siyasi rəhbərliyi tərəfdaşlarının prinsipial tələblərinə məhəl qoymaya bilməz. Hakim ailə və onun ətrafı başa düşməlidir ki, Azərbaycan yalnız “əbədi nəqliyyat dəhlizi” deyil. Vətəndaşların beynəlxalq konvensiyalarda əksini tapmış hüquq və azadlıqlarına əməl etməyin, qanunların icra mexanizmini normaya çevirməyin, xalqa seçim hüququ verməyin, iqtisadiyyatı azad etməyin vaxtı çatıb.