Avropalı deputat 10 min avroluq Azərbaycan kürüsünü zibil qabına atıb

Yazıçı Seymur Baycan bir vaxtlar açıq məktub yazıb Kəmaləddin Heydərovdan 100 qram kürü istəyəndə bəziləri bunu anlamamış, hətta yazıçını ələ salıb gülmüşdülər. Amma qoy heç olmasa indi bu adamlar Seymur bəyin hansı həssas nöqtəyə vurduğunu anlaya bilsinlər…
Bu gün Azərbaycan kürüsü dünya mətbuatının sevimli mövzusuna çevrilib. Bizim hakimiyyətin beynəlxalq təşkilatları, Avropa qurumlarını, diplomat və siyasətçiləri pul-para ilə, qiymətli hədiyyələrlə ələ almasına yeni ad da veriblər: “Kürü diplomatiyası”. Çünki bəxşişlərin arasında hökmən çox bahalı olan Azərbaycan kürüsü də yer alır.  Həqiqi kürünün 1 kiloqramının qiyməti növündən asılı olaraq 1000  manatdan 3000  manatadək dəyişir. Siz onu toyxanalarda gördüyünüz yalançı kürü ilə səhv salmayın. O, çox bahalı bir şeydir. Azərbaycan hakimiyyəti də bu bahalı şeylə onu tənqid edə biləcək adamları susdurur. Mesaj sadədir: Bu kürüdən ye və sus! Azərbaycanda hakimiyyətin öz xalqını əzməsinə, öz ölkəsini talamasına dinmə!
Bizim sərvətlərdən özgələrə rüşvət verilər ki, bizi rahat əzib, rahat talaya bilsinlər. Təsəvvür edin ki, Avropa Şurası Parlament Assosiasiyasının son iclasında kürü mövzusu hətta çıxışlara yol tapmışdı. Həmin gün bizimkilər hamını ələ almaq istəyib. Avropa təşkilatları xəbər verir ki, hökumətimiz AŞ PA-ya bu dəfə 100 kiloqramlarla kürü aparıbmış. 100 kiloqramlarla! Həmin gün orada siyasi məhbuslarla bağlı hesabat qəbul edilirdi. Azərbaycan hakimiyyəti isə bunu istəmirdi. Hər halda 63 nəfər bu qərarın əleyhinə səs verib. Lakin Azərbaycan fəallarının apardığı iş nəticəsində vicdanlı deputatlar birləşib və daha çox səslə qərarın qəbul edilməsinə yol açıblar. Bir çox adamlar kürüyə tüpürüblər.
Hətta hansısa oteldə  bir deputat 10 min avroluq Azərbaycan kürüsünü zibil qabına atıb.

KIM SON GÜNLƏRDƏ EVINƏ KÜRÜ ALIB?

Kürü diplomatiyasının bu məğlubiyyətindən sonra Facebook-da soydaşlarımıza yuxarıdakı sualla müraciət etdik. Müxtəlif adamların cavablarına baxın:
– O necə olur ?
– Elə sual verirsiniz ki!
– Rayonda dənizə yaxın ərazidə yaşasaq da, ömür boyu cəmi bir dəfə yemişəm.
– Sadə camaat kürünü yalnız toylarda görüb-dadır.
– O da həqiqisi deyil. Toylardakı kürü yumurtadan hazırlanır.
 – Mən ilk və son dəfə kürünü Türkiyədə yemişəm.
– 2 gün öncə aldım… Badımcan kürüsü…
– Son günlər nədir, son illər almamışıq.
– Men yemişəm. Tədbirdə, özü də Strasburqda.
– Kürü haqqında eşitmək, oxumaq olar.
– Mövlud Çavuşoğlu 5 kiloqram alıb.
– Zarafat bir yana, 80-ci illərdə hər səhəri qara kürü yeməklə açardıq…
– A kişi, heç çörək ala bilirik ki, kürü də alaq?!
– O mənim xəyal ürünümdür.
SEYMUR BAYCANIN NAZIRƏ MƏŞHUR MƏKTUBU
 Gördüyünüz vəziyyəti nəzərə alıb, yuxarıda haqqında danışdığımız cavabsız məktubu təzədən oxuyaq. Aktuallığını saxlayıb.   
Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova açıq məktub
Cənab nazir!
Sizə açıq məktub yazmağımın səbəbi o deyil ki, yanğınsöndürənlər mağazamı bağlamaq istəyir. Xeyr, mənim nə mağazam var, nə də qəzalı vəziyyətdə olan evim. Nə kiçik sahibkaram, nə də Qəbələ rayon sakini. Məktubun yazılma səbəbi tamam başqadır. Düz dörd aydır ki, mənim ürəyim yüz qram qara kürü istəyir. Yaradıcı adamın ürəyi bir az şıltaq olur. O cümlədən, mənim ürəyim də şıltaq ürəklər qəbiləsindəndir. Onun istədiyi şeyi qismən də olsa yerinə yetirməyəndə, əlim heç bir işə yatmır. Nə kitab oxuya bilirəm, nə də yaza bilirəm. Heç filmə də baxa bilmirəm.  Görün vəziyyət nə yerdədir ki, artıq mən sizə açıq məktub yazmaq məcburiyyətində qalmışam.
Cənab nazir!
Eşitdiyimə görə ölkəmizdə kürü biznesi sizin nəzarətinizdədir. Siz fövqəladə hallar naziri olmaqla yanaşı, həm də bir çox populyar, sevilən mahnıların müəllifisiniz. Əgər nazir kimi mənim məktubum sizə təsir etməsə, məktubumu heç olmasa yaradıcı adam kimi oxuyun. O zaman dörd kitab müəllifinin, regionun lider dövlətində yaşayan yazıçının yüz qram qara kürü ala bilməməsini bəlkə başa düşdünüz.
Hörmətlə, Seymur Baycan.