Yerdə ədalət olmayınca…

Dünənki hicab aksiyası ilə bağlı isti-isti yayılan “komplo teoriləri”nin bir xeyli hissəsini oxudum. Yenə də üçüncü qüvvə axtarışları, Iran barmağı, çeşid-çeşid versiyalar, o versiyaların birini hətta Türkiyə-Suriya gərginliyinədək uzatmaq və s. və i.a.
Hamısı ola bilər, hamısı! Hətta bu aksiyanın rüşvət videosunu unutdurmaq üçün düşünülmüş addım olması barədə mülahizələrin də yaşamaq haqqı var.
Amma məni hansı daha çox həqiqət olur olsun, hansı həqiqətə daha yaxın olur olsun, bu versiyaların biri, bircəciyi də maraqlandırmır. Məni bir şey düşündürür: biz necə bu yerlərədək gəldik? Bu ölkədə dini küçələrə, məktəblərə, universitetlərə daşımaq istəyən, dövlətin üzərinə çıxarmaq istəyən topluluq necə yarandı? Müsəlman ölkələri sırasında din məsələsində bəlkə də ən çox uyğar olan, rahat olan Azərbaycan cəmiyyətində bu gün belə aqressivləşmə, radikallaşma hardan meydana çıxdı?
Düşünürəm və sadəcə, bir cavab tapıram: yerdə ədalətin olmamasından! Yerdə ədaləti bərqərar etməməyimizdən! Azərbaycan adlı bir coğrafiyada yaşayanlar ədaləti yerdə tapmayınca göydəki ədalətə, “ilahi ədalət”ə pənah apardılar sürətlə.
Məhkəmələrin adil hökmündən əlini üzüncə şəriətin ədalətinə sığındılar.
Məmur qapılarında süründürülməkdən yorulunca pirlərdən mədət ummağa başladılar.
Yuxarıda oturanlar səsini, fəryadını eşitməyincə səsini onlardan da yuxarıdakına eşitdirmək istədilər və məscidlərə üz tutdular.
Din mübhəm olmaqdan çıxdı, ibadət şəxsi iş olmaqdan çıxdı, ictimai, siyasi məzmunla yükləndi.
Adamlar bu dünyada doğru-düzgün, rahat, firavan həyat yaşamaq ümidlərini itirincə heç olmasa o biri dünyalarını qazanmağa girişdilər. Barı o dünyada bu dünyanın məhrumiyyətlərini, əzablarını yaşamamaq qeydinə qaldı.
Bütün bunlar azmış kimi, bir də cəhalət…
Savadsızlıq.
Bilgisizlik.
Təhsilsizlik.
Iclaslardan alim qovmaq-filan.
Elmi xor görmək.
Və son nəticə: dünənki küçə döyüşü.
O döyüşə çıxanların əlindəki yaşıl saplı dəyənəklər vardı ha, bax onu o adamların əlinə bu rejim verib.
Bu rejim onun qarşısına çağdaşlıqla, kitabla, yazıyla, qələmlə, sözlə silahlanıb çıxanları əzəndə, onları həbsxanalara dolduranda, sürgünə göndərəndə, meydanı uyğar, modern düşünən, tək silahı fikir olan adamlardan təmizləyəndə bir gün də qarşısında yaşıl saplı dəyənəklərlə silahlananların çıxacağını bilməli idi.
Siz bu ölkəyə 21-ci əsrin dəyərlərini daşımaq istəyən insanları “ünsür” deyə, “element” deyə, “erməni dəyirmanına su tökən” deyə, “vətən xaini”, “millət düşməni” deyə dışlayanda, onların üstünə “sizə bu ölkədə yer yoxdur!” deyə kükrəyəndə əvvəl-axır qarşınızda 7-ci əsrin dəyərləri ilə silahlanmış əlidəyənəkliləri görəcəyinizi anlamalı idiniz.
Azərbaycanı bu yerə siz gətirdiniz!
Bu olanlara görə də məsuliyyəti siz daşıyırsınız!
***
Bir neçə kəlmə də dünən o aksiyaya çıxanlara.
Tələblərinizi bölüşmürəm.
Amma sizin də toplaşmaq, ifadə etmək haqqınıza sayğı duyuram.
Di gəl ki, soruşmadan da keçə bilmirəm:
Təhsilin qovulduğu məktəblərə hansı geyimdə getməyin davasını döymək məntiqin harasında yazılıb?
Şagird məktəbə təhsil almağa yox, rüşvət verməyə gedirsə, mənası nədir başıaçıq gedir, ya başıbağlı?
Allahın təkliyinə inanıb, amma dərsliklər şəxsiyyətə pərəstiş, bütpərəstlik mətnləri ilə doldurulanda səssiz qalarkən geyim üstündən davaya çıxmağın anlamını izah edin mənə.
***
Və sonda ümumiyə xitab:
Bu ölkənin düşdüyümüz hər bəladan bir xilas yolu, hər çıxılmazdan bir çıxış yolu var:
Azərbaycanı demokratiyaya qovuşdurmaq, azadlıqların, hüququn hegemon olduğu bir dövlət qurmaq.
Ədaləti hakim qılmaq.
Onu tərəqqipərvər dünyanın bir parçasına çevirmək.
Onu bir nəfərin deyil, bütün xalqın iradəsinə tabe etmək.
Onu biləklə deyil, beyinlə idarə etmək.
Onu zorla deyil, zəkayla yönəltmək.
Biz bunlara nail olmadıqca, yerdə qalan hər şey mifdir.
Nağıldır, fiksiyadır, filfilodur.