İlk debatda üstünlük qazanan respublikaçı demokrat rəqibi ilə arasındakı fərqi azaltdı
Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi əsas iddialılar respublikaçı Mit Romni ilə demokrat Barak Obama arasında fərq azalıb. “Reuters/Ipsos” araşdırma mərkəzinin keçirdiyi sonuncu rəy sorğusunun nəticələrinə görə, respublikaçı namizədin Obama ilə çıxdığı ilk debatda uğurlu çıxış etməsindən sonra seçicilərin 46 faizi hazırki prezidenti, 44 faizi isə Romnini dəstəkləyir. Halbuki çərşənbə günü keçirilən debatadək rəqiblər arasında fərq 6 idi.
“Reuters/Ipsos”-un direktoru Klif Yanqın sözlərinə görə, Mit Romninin debatda yaxşı çıxış etməsi onun Obama ilə arasındakı fərqi azaltmağa imkan yaradıb:“Respublikaçı yaxşı çıxış etdi. Tamaşaçılar və potensial seçicilər bunu qiymətləndirdilər və biz nəticə göz önündədir. Romni debatdakı çıxışı sayəsində yeni səslər qazanmaqdadır”.
Sorğunun nəticəsinə görə, debat zamanı Mit Romniyə 30 faiz, Barak Obamaya isə 14 faiz seçici müsbət yanaşmağa başlayıb. Barak Obamanın üstünlüyü ələ almaq üçün iki şansı var. Namizədlər oktyabrın 16-sı və 22-də növbəti dəfə üz-üzə gələcəklər.