Mahal İsmayıloğlu: “Hakimiyyətin hər hansı gedişi hadisəni daha da dramatik axara yönəldəcək”
Pənah Hüseyn: «Ən yaxşı çıxış yolu parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsidir»
Bir-birinin ardınca rəsmilər və hakim partiya təmsilçiləri Elşad Abdulayevin yaydığı məlum video görüntülərlə bağlı mövqe açıqlayır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə AzərTAc-a açıqlamasında Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsinin olmadığını deyərək məqsədin hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salmaqdan ibarət olduğunu bildirib.
Onun sözlərinə görə, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub. Lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. PA rəhbəri belələrinin hər zaman ifşa olunaraq qanun qarşısında məsuliyyətə cəlb edildiyini və bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacağını deyib. Onun bu açıqlaması daha çox mesaj kimi qəbul edilir. Bəs bu mesaj kimlərə ünvanlanıb?
Tanınmış yazar Mahal Ismayıloğlu PA rəhbərinin bu açıqlamasının səbəbsiz olmadığını desə də, Mehdiyevin səhv qənaətə gəldiyini qeyd etdi: “Deyir guya bu cür hadisələr əvvəllər çox olub. Azərbaycanda siyasi hakimiyyətin korrupsiya ilə formalaşması barədə söhbət çox idi. Ancaq birinci dəfə idi ki, bu öz sübutunu tapdı. Hamıya bəllidir ki, deputatlar müəyyən qruplara xidmət edir. Gülər Əhmədova isə Ramiz Mehdiyev qrupunun ən fəal üzvlərindən biri idi”.
M.Ismayıloğlunun fikrincə, R.Mehdiyevin bu cür açıqlama ilə çıxış etməsinin bir neçə məqsədi var. Birincisi, diqqəti Gülər Əhmədova olayından yayındıraraq istintaq görüntüsü yaratmaq istəyirlər. Hakimiyyət güman edir ki, bir müddət sonra heç bir nəticə olmayacaq və cəmiyyət bunu unudacaq. Digər tərəfdən, hakimiyyət dairələri arasında savaş gedir. Sadəcə Gülər Əhmədova bu proseslərdə daha tez üzə çıxdı. O, indiyədək hakimiyyətin gizlətmək istədiyi olayların üstündən pərdəni götürdü.
M.Ismayıloğlu hesab edir ki, hakimiyyətin hər hansı gedişi hadisəni daha da dramatik axara yönəldəcək. Çünki bu olayı gizlətmək və bundan yayınmaq mümkün olmayacaq. Çünki bu məsələdə xalqın münasibəti məhkəmə ittihamından qat-qat ağırdı.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Ramiz Mehdiyevin çıxışının mahiyyətinin məsələni Elşad Abdullayev və Gülər Əhmədova arasında dələduzluq və korrupsiya yolu ilə deputat olmaq faktı kimi qələmə verməkdən ibarət olduğunu deyir. Hakimiyyət məsələni bu yolla ört-basdır etmək istəyir. Halbuki bu izahatlar cəmiyyəti qane etmir: “Bunlarnı heç biri küçədən gələn dələduz deyil. Biri ardıcıl üç dəfə deputat seçilmiş şəxsdi, YAP rəhbərliyinə daxildir və onun siyasi hakimiyyətə yaxınlığı məlumdur. Professor, universitet rektoru oturub belə bir məsələni təsadüfi bir adamla söhbət edə bilməzdi. Bunlar açıq-aşkar aydın olan məsələlərdi, onları ört-basdır etmək çətindir”.
P.Hüseynin sözlərinə görə, hakimiyyət təmsilçiləri özlərini sənədlərdən bixəbər kimi aparır: “Vəzifəli şəxslərin deyəsən sənədlərdən də xəbəri yoxdu. Çünki əsas iddiaları bundan ibarətdir ki, guya bu dələduzluq baş tutmayıb. Elşad Abdullayevin deputat olmaması bunun dələduzluq faktı olmasının və korrupsiya yolu ilə deputat olmağın qeyri-mümkünlüyünü göstərir. Onların deyəsən xəbəri yoxdur ki, Elşad Abdullayevi seçki komissiyası 2005-ci ildə qalib elan etmişdi və yalnız ATƏT-in müşahidə missiyasının birbaşa müdaxiləsindən, onların təkidi ilə aparılan təhqiqatdan sonra, həm də seçkinin 47 faiz məntəqələrdə saxtalaşdırılması haqqında rəy ortada olduqdan sonra seçkilərin həqiqi qalibi olan Arzu Səmədbəylinin seçilməsi məsələsi gündəmə gəldi”.
O zaman “Azadlıq” seçki blokunun rəhbəri olduğunu xatırladan P.Hüseyn əllərində sənədlərin olduğunu bildirdi: “Elə bil bu insanlar Azərbaycanda yaşamırlar, seçkilər olmayıb, bu faktlar mətbuatda dərc olunmayıb. Bu barədə sənədlər var. Yəni bu sadə dələduzluq faktı deyil. Dələduzluq faktı idisə, MSK Elşad Abdullayevi necə qalib elan edirdi? Onun qalib gəlməsi haqqında protokollar necə saxtalaşdırmağa cəhd olunurdu? Bunlar ciddi məsələrdi və yəqin ki, araşdırılacaq”.
P.Hüseyn ortada siyasi koorrupsiya məsələsinin olduğunu deyir. Ən yaxşı çıxış yolu isə təhqiqatı gözləmədən parlamentin buraxılması və növbədənkənar yeni seçkilərin keçirilməsidir. Onda həqiqətən Azərbaycanda hansı bir nəticənin əldə olunduğu haqda danışmaq olar.
Fizzə