Yusif Bəkirov: “Saatların irəli-geri çəkilməsi ürək-damar sisteminə zərbə vurur”
Qış-yay vaxtına keçidlə bağlı Azərbaycanda daim problem yaşanıb. Fikir ayrılığı olduğundan, bu məsələ hələ də konkret həllini tapmayıb. Yəni, saatların irəli-geri çəkilməsi birmənalı şəkildə qəbul və ya inkar olunmayıb.
Oktyabrın sonunda saatların əqrəblərinin növbəti dəfə geri çəkiləcəyi ərəfədə Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov cəmiyyətə mesaj yollayaraq, məsələnin bu cür qoyuluşunun böyük səhv olduğunu bildirib.
Y.Bəkirovun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası bu məsələni münasib saymadığı halda, Nazirlər Kabineti müvafiq qərar vermir: “Sadəcə, yay vaxtının ləğvilə bağlı problemi həll etmək istəmirlər. Uzun müddətdir bu məsələ öz həllini tapmır. Gürcüstan, Rusiya, hətta Iran yay-qış vaxtına keçidlə bağlı məsələni həll edib. Amma Azərbaycanda hansısa maraqlar xatirinə bu məsələ hər il yenidən yaşanır. Bu məsələdə enerjiyə qənaət olunması hələ də sual altındadır. Nə üçün hər il bu məsələ təkrarlanır, açıqlama verən yoxdur? Halbuki, vaxtla bağlı saatların irəli-geri çəkilməsi ürək-damar sisteminə böyük zərbə vurur. Belə xəstələr yeni tətbiq olunan vaxta adaptasiya oluna bilmir, onların problemi daha da dərinləşir. Maraqlıdır, müvafiq qurum və Nazirlər Kabineti dövlətdən dotasiya aldığı üçün insanlar əziyyət çəkməlidir? Insanlar kiminsə maddi marağına görə öz səhhətini, sağlamlığını itirməlidir?”
Nigar