evez temirxan

“İqtidar daxilində vahid namizəd uğrunda savaş gedir”

evez temirxan«Gülər Əhmədova işi düzgün araşdırılsa bu hakimiyyətin çökməsi demək olar»

Əvəz Temirxan: «Seçkilər yaxınlaşdıqca iqtidar daxilində daha böyük sarsıntılara gətirə biləcək yeni kompromatlı materialların açıqlanmasını gözləməliyik»

Hakimiyyət daxilində mübarizənin seçki ərəfəsində qızışacağını bir çox ekspertlər vurğulayırdılar. Ona görə Elşad Abdullayevlə Gülər Əhmədova arasındakı qalmaqallı rüşvət videosu təəccüblə qarşılanmadı və hakimiyyət içi savaşın təzahürü kimi dəyərləndirildi.
Baş verənlərdə diqqət çəkən daha bir məqam isə ondan ibarətdir ki, hakimiyyətin Gülər Əhmədova olayına münasibəti vahid xətt üzrə getmədi. Öncə YAP icra katibi Əli Əhmədovun timsalında G.Əhmədovaya qarşı sərt mövqe sərgiləyən hakim partiya daha sonra prosesləri bir qədər yumuşaltdı. Elə G.Əhmədova məsələsi ilə bağlı qaldırılan cinayət işinin rüşvət ilə deyil dələduzluq maddəsi ilə qaldırılması da təsadüfi sayılmır. Elə bu məqamda hakimiyyət daxilində gedən daxili çəkişmənin simptomu kimi dəyərləndirilir. Bugünki müsahibimiz Əvəz Temirxan da hesab edir ki, iqtidardakı qruplaşmalar artıq bu tip addımlarla aralarındakı savaşı biruzə verməyə başlayıblar:

– Yayımlanan videonun məhz iqtidar daxilindəki savaşın nəticəsi kimi ortaya çıxması həyat hüququ olan fərziyyələrdən biridir. Ümumiyyətlə bu hakimiyyətin təşkilatlanma prinsipi imkan verir ki, orada daxili çəkişmələr çox şiddətli formada ortaya çıxsın. Hər bir iqtidarda daxili narazılıq, çəkişmələr ola bilər. Amma korrupsiya üzərində qurulmuş hakimiyyətlərdə belə çəkişmələr daha çılpaqlığı ilə ortaya çıxır. Bu da rejimlərin mahiyyəti ilə bağlıdır.

– Bir müddət siz müstəntiq vəzifəsində çalışmısınız. Sizcə, hazırda Gülər Əhmədova ilə bağlı prokurorluqda dələduzluqla bağlı açılan maddə nə dərəcədə situasiyaya adekvatdır?
– Iqtidarın bu maddə ilə cinayət işi başlaması təsadüfi deyil. Çünki iqtidar bu məsələdə rüşvət iddiasını maksimum dərəcədə kənarlaşdırmalıdır. Bu addım atılmasa iqtidardaxilindəki qruplaşmalar arasında ciddi narazılıq baş qaldıra bilər.
Əslində praktikada olur ki, cinayət bir maddə ilə açılır, başqası ilə davam etdirilir, tam bir başqası ilə yekunlaşdırılır. Amma bu işin məhkəmə perspektivi yoxdur. Çünki bu işin məhkəmə perspektivi hakimiyyətin ifşası və çökməsi demək olardı.

Bir qruplaşma digərinə üstün gəlib

– Hakimiyyətin Gülər Əhmədova məsələsində sərgilədiyi mövqe dalğavaridir. Əvvəlcə sərt mövqedən çıxış edən iqtidar sonradan sanki olayın unutdurulmasına çalışdı. Bu baş tutmadıqda isə yenidən sərt mövqeyə qayıtdı. Bu yanaşmanı necə izah edərdiz?
– Bu aritmiya ondan xəbər verir ki, bir qruplaşma digərinə müəyyən müddətə üstün gəlir və yenidən mövqelərini itirir. Fikrimcə, iqtidardaxili münasibətlərdə bir qruplaşma üstün gələndə digərinin mövqeyi güclənir və bu proses dərhal özünü mətbuatda göstərir.

– Ramiz Mehdiyev Gülər Əhmədova məsələsi ilə bağlı açıqlamasında baş verənləri hakimiyyətə qarşı təxribat sayıb. Ramiz Mehdiyevin bu açıqlamasını necə qiymətləndirmək olar?
– Bu iqtidara qarşı kontur material o qədərdir ki, hazırda müzakirə olunan məsələni təxribat adlandırmaq çətindir. Təxribat nəyisə uyduranda, təhrif edəndə olur. Bu iqtidarın 19 illik fəaliyyətində o qədər saxtakarlıqlara, pozuntulara yol verilib. Gülər Əhmədova məsələsi çoxsaylı pozuntulardan biridir və o da istisna deyil ki, bu addımın atılmasının məqsədi Ramiz Mehdiyevə zərbə vurmaq idi. Bu isə təsadüfi deyil.

– Ramiz Mehdiyevin açıqlamasında diqqət çəkən daha bir məqam onun “Gülər Əhmədova məsələsində heç kimə güzəşt edilməyəcək” ifadəsini işlətməsidir. Sizcə, bu mesaj kimə ünvanlanıb?
– Sözsüz ki, daxilə yönəlmiş mesajdır. Diqqət yetirin bu hadisə barəsində rəy bildirən iqtidar nümayəndələri açıqlamalarında bir-birlərinə sanki mesaj verirlər. Ramiz Mehdiyevin söylədiyi bir ismarıcdır. Bu isə o deməkdir ki, əgər qarşı tərəf kompromatları açarsa, eyni yanaşma ilə üz-üzə qalacaq. Hazırda baş verən proseslər isə onu deməyə əsas verir ki, hələ qarşıda çoxlu belə materiallar var.

İstintaq üçün Elşad Abdullayevin Azərbaycana gəlməsinə ehtiyac yoxdur

– Baş prokuror Zakir Qaralov vurğulayıb ki, Gülər Əhmədovanın cinayət işi prezidentin nəzarətindədir. Amma təcrübədən o bəllidir ki, belə nəzarətdə olan səsli-küylü işlərin heç bir açılmayıb. Bu baxımdan Gülər Əhmədova işini nə gözləyir?
– Bu açıqlama ilə görünür baş prokuror özünü sığortalamağa çalışır. Digər tərəfdən baş prokurorun bu açıqlaması ondan xəbər verir ki, iqtidardaxili çəkişmə çox ciddidir. Hakimiyyətin içində ciddi mübarizə getdiyindən, Ilham Əliyev məcbur olub ki, cinayət işini nəzarəti altına götürür. Amma hər bir halda qəbul ediləcək istənilən qərara görə məsuliyyət dövlət başçısının üzərinə qoyulub.

– Hakimiyyət bəyan edir ki, Elşad Abdullayevin Azərbaycana dönərək istintaqa ifadə verməsi zəruridir. Elşad Abdullayevin isə Azərbaycana dönməyəcəyi bəllidir. Belə olan halda Elşad Abdullayevdən xaricdə ifadənin alınması mümkün deyilmi?
– Elşad Abdullayevi Fransa Azərbaycana verməyəcək. Çünki Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur. Ona görə baş prokuror həm də bu bəyanatı verməklə özü üçün gələcəyə ikinci sığorta məkanı hazırlayır.
Rəsul Quliyevə qarşı cinayət işi qaldırılıb. Rəsul Quliyev Azərbaycana dönmək istəyir, amma onun təyyarəsini vətənə buraxmırlar. Hətta o da ola bilər ki, Elşad Abdullayev Azərbaycana gəlmək istəsin, lakin onu ölkəyə buraxmasınlar. Bir də ki, istintaq tədbirlərinin görülməsi üçün Elşad Abdullayevin Azərbaycana gəlməsinə xüsusi ehtiyac yoxdur. Bakıdan Fransaya müstəntiq gedə bilər və Elşad Abdullayev ona ifadə verə bilər.

– Gülər Əhmədova da bildirib ki, onda da bir sıra gizlin çəkilişlər var. Sizcə, bu nəyin mesajı idi?
– Bu açıqlama da təsadüfi deyil və yəqin ki, Gülər Əhmədova tərəfindən özünü müdafiə naminə işlədilib.

Kompromat müharibəsi daha da qızışacaq

– Mətbuatda bildirilir ki, gələcəkdə hakimiyyətdə təmsil olunanlarla bağlı daha qalmaqallı videoların meydana çıxması istisna deyil. Artıq bir başlanğıc var. Bu baxımdan seçki yaxınlaşdıqca hakimiyyətin mahiyyətin ifşa edən yeni ciddi materialların ictimayilləşməsini gözləmək olarmı?
– Demokratik dövlətlər, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətindən birmənalı şəkildə ölkədə zəruri olan islahatların reallaşmasını tələb edir. Avropa Şurası Parlament Asambleyasının siyasi məhbusların müəyyənləşməsi istiqamətindəki son qərarı da buna işarədir. Bu isə ona işarədir ki, hazırkı dövlət başçısının üçüncü dəfə namizədliyini irəli sürməsinə və saxtakarlığa müraciət edərək seçilməsinə demokratik dünya birmənalı yanaşmayacaq. Ona görə korrupsionerlər, oğrular, məmurlar, qruplaşma üzvləri özlərini sığorta etmək üçün kompromat davasına hazırlaşırlar. Burada məqsəd qruplaşmanın məhz onun müdafiə etdiyi şəxsin hakimiyyətin vahid namizədi olmasına nail olmaqdır. Yəni iqtidar daxilində vahid namizəd uğrunda savaş gedir. Əgər dövlət başçısı vahid namizəd olmayacaqsa, qruplaşmalar çalışırlar ki, məhz onların müdafiə etdiyi şəxs hakimiyyətin namizədi olsun. Bu mübarizə də özünü kompromat müharibəsi formasında göstərir.

– Gülər Əhmədova ilə yanaşı hakimiyyətin daha bir təmsilçisi Səməd Seyidovun adı korrupsiya qalmaqalında hallanır. Bu hadisəni də iqtidar daxilində gedən mübarizə ilə əlaqələndirirlər?
– Burada iki məqam var. Birinci məqam ondan ibarətdir ki, hakimiyyət uğrunda mübarizə gedir. Ikinci məqam isə hakimiyyətın özünün daxilində belə islahat istəyənlər mübarizəyə qalxıblar. Hakimiyyət daxilində az da olsa islahat tərəfdarı olanlarla irtica arasında savaş gedir. Mən heç kimin ünvanına kompliment demək və onu müdafiə etmək niyyətim yoxdur. Amma bu iqtidar nümayəndələri arasında Səməd Seyidov və Gülər Əhmədova mötədirllər sırasındadır. Onlar daha az korrupsiyaya uğramışlar sırasındadır. Cəmiyyətdə daha az korrupsiyaya uğramış imici qazananlar barəsində bu gün kompromat davası açılırsa, görün indi oliqarxlar haqqında nə demək olar. Açıq etiraf etmək lazımdır ki, nə Səməd Seyidov, nə də Gülər Əhmədova iqtidardakı korrupsiya akulalarından deyillər. Onların aldıqları rüşvət hakimiyyətin ölkədən offşor zonalara çıxardığı 48 milyardın yanında kiçik bir zərrədir və heç müqayisəyə də gələ bilməz. Amma görün bunlar barəsində ortaya çıxmış kiçik informasiya Azərbaycan cəmiyyətində necə təlatüm yaradır. Bu baxımdan biz seçkilərə yaxınlaşdıqca iqtidardaxilində daha böyük sarsıntılara gətirə biləcək, amma Azərbaycan cəmiyyətini təcübləndirməyəcək yeni kompromatlı materialların açıqlanmasını gözləməliyik.

Xəyal