“Qərbin tələbi demokratiyadır”

«Saakaşvilinin korrupsiyaya meyilli Ivanişviliyə məğlub olması Moskvanı sevindirir»

Zəfər Quliyev: «Gürcüstanın həm daxili, həm xarici siyasətində dəyişikliklər baş verə bilər»

Gürcüstanda keçirilən parlament seçkilərində Qərbyönlü siyasət yürüdən Saakaşvilinin müxalifətə məğlub olması bu ölkədə demokratiyanın təntənəsi kimi qəbul olundu. Lakin eyni zamanda Saakaşvilinin seçkiləri saxtalaşdırmaq üçün imkanları olduğu halda Qərbin buna yol vermədiyi fikri də irəli sürülür. Bu da digər qonşu dövlətlərdə beynəlxalq qurumların demokratik seçki tələblərində daha da israrlı olacağını deməyə əsas verir. Saakaşviliyə güzəştə getməyən Qərbdən demokratiyadan uzaq ölkələrdə güzəşt gözləməyə dəyərmi?
Politoloq Zəfər Quliyev Qərbin Saakaşviliyə mane olması ilə bağlı deyilənlərlə razılaşmır. Çünki başqa respublikalarda olan seçkilər də göstərib ki, Qərb qurumlarının saxtakarlığın qarşısını almağa real mexanizmləri yoxdur. Hətta Qərbyönlü lider də bu məsələdə tam Qərbdən asılı vəziyyətdə deyil. Seçkilərdə saxtakarlıq etmək üçün hakimiyyətlərin əlində müxtəlif administrativ üsullar var.
Ekspert Saakaşvilinin bu məsələdə Yuşşenkonun səhvlərini təkrarladığını deyir. Vaxtilə Ukraynada həlledici parlament seçkiləri keçiriləndə Yuşşenko özünü tam demokrat göstərmək, Qərbin xoşuna gəlmək və ölkə vətəndaşlarını məyus etməmək üçün seçkiləri öz axarına buraxdı. Parlament seçkiləri prezident seçkilərinə də təsir göstərdi və nəticədə Yanukoviç qalib gəldi. Beləliklə, Ukraynanın Qərbyönlü siyasəti dəyişdi, demokratiya sahəsində geriləmələr oldu. Bu da ölkəyə, vətəndaşlara baha başa gəldi. Öz növbəsində Saakaşvilinin də seçkilərə ciddi təsir etmək imkanları var idi. Lakin o, dünya demokratlarını məyus etməmək, müxalifətlə gərginliyi artırmamaq üçün seçkilərin tam demokratik şəraitdə keçməsini təmin etdi: “Bunun nəticəsinin Gürcüstan üçün necə olacağı ilə bağlı konkret proqnoz vermək hələ tezdir. Lakin hər halda ardıcıl Qərbyönlü siyasətçi kimi tanınan Saakaşvilinin korrupsiyaya meyilli Ivanişviliyə məğlub olması Moskvanı sevindirir. Ukraynada olduğu kimi Gürcüstanda da parlament seçkiləri prezident seçkiləri üçün həlledici rol oynaya bilər. Çünki prezident seçkilərində Ivanişvilinin blokunun qələbə qazanmaq imkanı artır. Beləliklə də gələcəkdə Gürcüstanın həm daxili, həm xarici siyasətində dəyişikliklər baş verə bilər”.

Fizzə