“Azərbaycanda yeni bir dövr başlayır”

zefer quliyev“Ramiz Mehdiyev təhlükə hiss etdiyi üçün danışdı

Zəfər Quliyev: «Bu qalmaqallar həm hakimiyəti zəiflədir, həm də bütövlükdə cəmiyyəti silkələyir»

ABU-nun keçmiş rektoru Elşad Abdullayevin ictimaiyyətə yaydığı videolar seçki öncəsi hakimiyyət daxilində gedən mübarizəni bir qədər qızışdırdı. Artıq görünən odur ki, hakimiyyət daxilindəki qruplaşmalar yaranan vəziyyətdən öz xeyrlərinə yararlanmağa çalışaraq qarşı tərəfə mümkün qədər ciddi zərbələr endirməyə çalışırlar. Həmsöhbətimiz siyasi ekspert, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyevlə müsahibəmizə E.Abdullayevin yaydığı qalmaqallı videoların yaratdığı vəziyyətlə başlasaq da, ona regionda və dünyada gedən proseslərlə də bağlı suallarımız oldu.

– Elşad Abdullayevin yaydığı videoların hakimiyyətdaxili münasibətlərə göstərdiyi təsiri necə dəyərləndirirsiniz?
– Gülər Əhmədova ilə bağlı ilk video yayılan kimi mən bir məqalə ilə çıxış etdim. Məqalədə baş verən olayı Azərbaycansayağı “WikiLeaks” adlandırdım. Əslində bununla Azərbaycanda yeni bir dövr başlayır. “WikiLeaks” dünyanı demək olar ki, dəyişdi. Bundan sonra gözləmək olar ki, Azərbaycanda proseslər tam fərqli istiqamətdə gedəcək. Elşad Abdullayev doqquz il ərzində bütün vacib görüşlərini kameraya çəkib. Bununla Elşad Abdullayev özünü gələcək üçün sığortalayıb. Təkcə Elşad Abdullayev deyil, əslində bu qalmaqaldan sonra bir çox siyasətçilər, məmurlar, oliqarxlar çalışacaqlar ki, hər bir korrupsiya faktını lentə alsınlar. Zamanı gələndə də onu paylaşsınlar. Hakimiyyət anlamalıdır ki, indiki vəziyyətdə ölkəni qapatmaq olmur. Müasir dünyanın informasiya yaymaq və əldə etmək üçün xeyli istiqaməti var. Hakimiyyətdə gedən bir çox neqativ proseslər hakimiyyətin gizlətməyə çalışdığı bir neqativ faktlar hər an açıla bilər. Onu da nəzərə almaq gərəkdir ki, ölkə seçki ərəfəsindədir və seçki yaxınlaşdıqca bu cür qalmaqalların sayı arta bilər.
Bu qalmaqallar həm hakimiyəti zəiflədir, həm də bütövlükdə cəmiyyəti silkələyir. Ona görə baş verənləri təkcə hakimiyyətdaxili proseslərlə izah etməzdim. Gülər Əhmədova ilə bağlı yayılan videodan həm ölkə daxilində, həm də ölkə xaricində istifadə etməyə çalışan qüvvələr var.

Hakimiyyət anlayır ki, Gülər Əhmədova qurban verilməlidir

– Maraqlı məqamlardan biri hakimiyyətin baş verənlərə münasibətidir. Əgər başlanğıcda Əli Əhmədovun timsalında Gülər Əhmədovaya qarşı sərt mövqe sərgilənmişdisə, daha sonra digər hakimiyyət yetkililərinin açıqlamalarında buna son qoyuldu, hədəfə Elşad Abdullayev gətirildi. Bunu nəylə izah edərdiniz?
– Bu çaşqınlığın ifadəsidir. Bu qalmaqal başlayan kimi hiss olunurdu ki, hakimiyyətdə yekdil mövqe yoxdur. Hakimiyyətin ilkin reaksiyası ondan ibarət idi ki, bu real çəkilişlər deyil, montajdır. Amma daha sonra hakimiyyət başa düşdü ki, bu çox ciddi bir məsələdir və burada sadəcə sözlərlə kifayətlənmək olmaz. Güman etmək olar ki, hansısa dairələrdən göstəriş gəldi ki, Gülər Əhmədova vurulmalıdır. Bu göstərişi verən videoda adı halanan şəxslər də ola bilər. Hakimiyyət bu videoların ardının gəlməməsi üçün Gülər Əhmədovanı mandatdan məhrum etdi. Amma sonradan Ilham Əliyevin işə qarışmasından sonra yumuşalma başladı. Ilham Əliyev ənənəsinə uyğun olaraq komandasına daxil olan adamları ictimai qınaqdan qorumağa, imkan daxilində qalmaqallardan çıxarmağa çalışır. Ona görə ikinci mərhələdə əvvəl sərt danışanlar mövqelərindən geri çəkildilər.
Amma ilkin mərhələdə edilən səhvlər mərhələni itkisiz başa vurmağa imkan vermirdi. Hakimiyyət anlayırdı ki, Gülər Əhmədova qurban verilməlidir.

Ramiz Mehdiyevin iki seçimi var idi

– Ramiz Mehdiyevin də bu məsələyə münasibət bildirməsi maraqlı oldu. Onun baş verənləri təxribat adlandırmasını ekspertlər Mehdiyevin rəqib qruplaşma tərəfindən hədəf seçilməsinin etirafı sayırlar?
– Əslində gözlənilən ifadə idi. Yaranmış situasiyada Ramiz Mehdiyevin iki seçimi var idi. Ya sona qədər susmaq, ya da bu tip açıqlama ilə çıxış etmək. Amma görünür, Ramiz Mehdiyev özü üçün təhlükə hiss etdiyinə görə danışmağa məcbur oldu. Ramiz Mehdiyev bu addımı ilə həm özünü sığortalayır, həm də hakimiyyət təmsilçilərinin də günahsız olduğunu sübut etməyə çalışır. Amma əgər Azərbaycanda “WikiLeaks” qalmaqalı başlayırsa, bu silsilə materialları ört-basdır etmək çətin olacaq.

Hakimiyyət daxilində ziddiyyətli proseslər gedir

– Səməd Seyidovun adının korrupsiya qalmaqalında hallanması da hazırda təsadüfi sayılmır və düşünülür ki, bu da hakimiyyətdaxili savaşın təzahürüdür?
– Bəli, ümumi kontekstdə yanaşsaq demək olar ki, hakimiyyət daxilində ziddiyyətli proseslər gedir. Düzdür, bu ziddiyyətlər əvvələr də var idi. Amma ziddiyyətlər elə idi ki, bu formada üzə çıxmırdı. Çünki hakimiyyətdə təsir gücünə malik olan fiqurların sayı çox idi. Amma hakimiyyətdaxili qruplaşma liderlərinin siyahısı daraldıqca situasiya qəlizləşir. Regionda və dünyada gedən proseslər bəzi qruplaşma liderlərini qısa müddətli davranış modelinə üstünlük verməyə vadar edir. Hətta bəziləri anlayırlar ki, bu cür korrupsiyaya uğramış hakimiyyət uzun müddət davam gətirə bilməz. Demokratik inqilab dalğası post-sovet məkanına getdikcə yaxınlaşır. Ona görə hakimiyyətdəkilər imkan düşdükcə rəqiblərini sıradan çıxarmağa və var-dövlətlərini gücləndirməyə çalışırlar.
Bu tendensiya əvvəl də var idi. Amma Yaxın Şərqi bürüyən inqilab dalğası Azərbaycana da təsirsiz ötüşmür. Ilham Əliyev özünü bəlkə də hazırda üçüncü dəfə seçdirə bilər. Amma ölkədəki situasiya olduqca qəlizdir.

Gürcüstan demokratiyası təhlükə altındadır

– Gürcüstanda baş verənlər demokratiyanın təntənəsi sayılır. Amma ölkənin kursunun dəyişə biləcəyini də söyləyənlər az deyil?
– Gürcüstanda vəziyyət prezident seçkilərinə qədər dəyişə də bilər. Amma parlament seçkilərinin nəticələri demokratiyanın təntənəsi idi. Gürcüstandakı seçkilər təkcə Qərbin aktivinə yazılmamalıdır. Çünki hakim elita demokratik seçkiyə müqavimət göstərirsə, Qərb heç də hər zaman qalib olmur.  Amma məhz Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan demokratiya yoluna qədəm qoydu. Saakaşvili demokartik seçki keçirməsəydi, on illik islahatlarının üstündən xətt çəkərdi. Saakaşvili Yuşenkonun yolu ilə gedərək demokratik seçkiyə imza atdı. Amma bu seçkilərdə narahat doğuran məqamlar da var. Saakaşvili də Yuşşenkonun səhvlərini buraxdı. Saakaşvili də Yuşşenko kimi əlində olan inzibati rusurslardan istifadə edərək təbliğat aparaq demokratiyanı ölkə möhkəmləndirmədi. Hətta bəzən müəyyən pozuntulara gedərək demokratiyanı qorumaq lazımdır. Yuşşenko vaxtı ilə inzibati resurslardan istifadə etməyərək demokratiyanı möhkəmlətmədi. Eyni vəziyyət Gürcüstanda yaranıb. Seçkilər demokratik oldu. Amma qələbəni qarşı tərəf bayram etdi.

– Gürcüstanda daha bir demokratiyanın təntənəsinin şahidi olduq. Qərb hətta Saakaşviliyə belə güzəşt etməyərək demokartik seçki tələbini qəti şəkildə ortaya qoydu.
Bu baxımdan Ilham Əliyevin 3-cü dəfə seçkiyə getmək niyyətinə Qərbin münasibəti necə ola bilər?
– Azərbaycanda biz demokratik seçkilərin keçirilməsini istəyirik. Amma Ilham Əliyev 2013-cü ildə yenidən prezidentliyə namizədliyini verməyə hazırlaşır. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən narahatlıq ifadə olunsa da, ciddi təpkilər yoxdur. Hələlik daxildə də ciddi ictimai qınaq yoxdur. Müxalifət bu məsələni qabartsa da, cəmiyyət prosesləri sadəcə izləyir.
Azərbaycan Suriya məsələsində Türkiyəni müdafiə etməlidir

– Türkiyə ilə Suriya arasında baş verənləri necə qiymətləndirirsiniz? Hadisələrin sonrakı gedişatı necə ola bilər?
– Bu hadisə yeni gündəmə gəlib və vəziyyət dinamikdir. Hətta Türkiyə özü də deyir ki, söhbət müharibədən yox, hərbi əməliyyatlardan gedə bilər. Hətta Suriyanın hakim dairələri üzr istəyərək, Türkiyə qarşısında geri addımlar da atıblar. Suriyada əhali ilə hakimiyyət arasında gedən uzun müddətli müharibəyə Türkiyə dəfələrlə müdaxilə edib. Türkiyə həm Suriyadan gələn qaçqınları qəbul edirdi, həm də Əsədə qarşı sərt mövqe sərgiləyirdi. Burada Türkiyənin həm öz maraqları var. Həm də bu məsələ ilə bağlı Türkiyə Qərblə bu məsələ ətrafında sıx əməkdaşlıq edir. Türkiyə öz maraqları baxımından Suriya məsələsində fəallıq etsə də, bu fəallıq ABŞ və Avropa ölkələri tərəfindən dəstəklənir. Prosesləri daha da qəliz edən NATO-nun Suriyaya müdaxiləsi olardı.
Bu zaman Rusiya sərt reaksiya verə bilərdi. Amma bu baş vermədi. Əvəzində Rusiya ilə normal münasibətləri olan Türkiyə bu addımı atdı.

– Bəs, Azərbaycan bu məsələdə Türkiyəyə dəstək verməlidirmi?
– Azərbaycan bu məsələdə Türkiyəni dəstəkləməlidir. Mən o fikirdən də uzağam ki, Azərbaycan gözü bağlı Türkiyənin ardınca getməlidir. Azərbaycan müstəqil dövlətdir. Amma bu məsələdə Azərbaycan Türkiyə ilə birgə davranmalıdır. Ona görə ki,, bu həm də Azərbaycanın maraqlarına uyğundur. Türkiyə Qarabağ məsələsini yenidən çox sərt formada gündəmə gətirib. Azərbaycan bunun əvəzini çıxmalıdır.

Xəyal