«Azadlıq»ın PA rəhbərinin yaxın ətrafına hücum əmri verməsi barədə yazdıqları təsdiqini tapdı
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin yaxın ətrafına hücuma keçmək tapşırığı verməsi barədə ötən sayımızda yazmışdıq. Həmin yazıda bildirilirdi ki, Ramiz Mehdiyev “Gülər Əhmədova olayı”ndan ona qarşı istifadə edənlərdən qisas almaq niyyətindədir. PA rəhbərinin bu məsələyə sərt münasibəti də rəqiblərinə mesaj idi. Ramiz Mehdiyev baş verənlərdə adının hallandırılması özünə qarşı ciddi təxribat olduğunu bildirmişdi.
Yazdıqlarımız təsdiqini tapmaqdadır. Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən, hətta buna görə uzun illər bir partiyada təmsil olunduğu, daha doğrusu müavinlik etdiyi Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə də münasibətləri korlanan deputat Zahid Oruc PA rəhbərinin rəqiblərinə meydan oxuyub. Deputat “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib ki, Ramiz Mehdiyevin son dərəcə böyük siyasət adamı olması ayrı-ayrı qüvvələri və ya şəxsləri onun əleyhinə hansısa planlara əl atmağa vadar edib. Zahid Oruc ilk olaraq 2005-ci il hadisələrini nümunə gətirir: “Bu planda faktiki olaraq hakimiyyətin əsas sütununda, kifayət qədər yüksək məqamında yer alan şəxslərə və ən başlıca olaraq da Ramiz Mehdiyev kimi mühüm simaya qarşı mövqelər almaqla, ictimai mühitdə çalxalanma yaratmaq, dövlətə itaətsizlik mühitini formalaşdırmaq və beləliklə də hansısa formada öz planlarını həyata keçirmək düşüncəsindəydilər. Mən indi bəri başdan 2005-dəki qüvvələrlə bu gün Elşad Abdullayevi Strasburqdan idarə eləyənlərin eyni olduğunu iddia etmək istəmirəm. Amma bir fakt ortadadır ki, indiki dönəmdə təbliğatın əsas hissəsinin hakimiyyətin bir qolunu hədəf edərək ləkələmək cəhdi özlərini təkcə yaxşı qüvvə kimi təqdim eləmək niyyəti deyil.
O qüvvələri deşifrə eləmək biz siyasət adamları üçün çətin olsa da, Ramiz Mehdiyev kimi şəxsiyyətin özünə bəllidir. Əminəm ki, Ramiz müəllim sadəcə indi hadisələrə əlavə xətt verməmək, bəzi qüvvələrin ajiotajını artırmamaq və həm də istintaq prosesinə təsir etməmək naminə o açıqlamadan mənim anlamımda imtina etdi. Bir daha vurğulamaq istəyirəm ki, Ramiz Mehdiyevin əleyhinə bir platsdarm formalaşdırmaq istəyən qüvvələr 2005-də uduzublar və indiki prosesdə də məğlub olacaqlar”.
2005-ci il hadisələri analiz edilərkən əsasən hakimiyyətdəki Qərbi Azərbaycan klanının zəiflədilməsi nəticəsinə gəlinir. Hələ o zaman bildirilirdi ki, Qərbi Azərbaycan qruplaşmasına qarşı “çevriliş müharibəsi”ni məhz Ramiz Mehdiyev başlayıb. Indi bu faktı PA rəhbərinin komandasına daxil olan şəxs təsdiqləyir. Zahid Orucun 2005-ci il hadisələrini, Qərbi Azərbaycan qruplaşmasının zəiflədilməsini xatırlatması təsadüfi deyil. Məsələ burasındadır ki, “Gülər Əhmədova olayı”nın da Ramiz Mehdiyevə qarşı bu qruplaşma tərəfindən istifadə edildiyi iddia olunur. Biz hələ ötən saylarımızda yazmışdıq ki, Ramiz Mehdiyevin komandası bu məsələdə əsasən PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdan şübhələnir. Çünki Elşad Abdullayev rüşvət videosu məhz Fuad Ələsgərova “bu məsələni araşdırmasanız, video ictimailəşəcək” qeydilə göndərib. Ramiz Mehdiyevin komandası hesab edir ki, şöbə müdiri Elşad Abdullayevin müraciətinə “laqeyd” yanaşmaqla videonun ictimailəşməsinə şərait yaradıb. Fuad Ələsgərov hazırda zəif durumda olan Qərbi Azərbaycan klanının nümayəndəsidir və Ramiz Mehdiyevlə şəxsi ədavəti var. Bu ədavətin təfərrüatı barədə dəfələrlə yazdığımızdan təkrarçılığa yol vermək istəmirik.
Zahid Oruc Qərbi Azərbaycan qruplaşması üçün “faciə ili” kimi yadda qalan 2005-i xatırlatmaqla Fuad Ələsgərov və onun təmsil etdiyi qruplaşmaya tarixin təkrarlanacağı mesajını verir. Özü də çox açıq şəkildə.