«Avropalı deputatları rüşvətlə ələ almaq siyasəti öz perspektivini itirib»
“Avropa Sabitlik Təşəbbüsü” Analitik Mərkəzinin (Berlin) rəhbəri Gerald Knaus son açıqlamasında Azərbaycan hökumətinin “qara kürü diplomatiyasının” iflasa uğradığını bəyan etdi. Knaus hesab edir ki, AŞPA-da siyasi məhbuslarla bağlı meyarların çətinliklə də olsa qəbul edilməsi bunun sübutu idi: “Azərbaycan bunun qarşısını almaq üçün çox çalışdı.
Və səsverməyə AŞPA-nın mümkün qədər çox üzvünü səfərbər etdi. 2005-ci ildən bəri bu taktika işləyirdi, amma ilk dəfə olaraq uğursuzluqla bitdi. Çünki artıq Avropa Şurasında bu cür əməllərə qarşı çıxan qüvvələr bir araya gəlib bunun qarşısını aldılar. Çünki onlar gördülər ki, bu, çox ciddi məsələdir. Hansısa ölkə Avropa Şurasına qoşulur, amma öhdəliklərini yerinə yetirmir, onu tənqid edənləri də susdurur”.
G.Knaus açıqlamasında “kürü diplomatiyasının” Azərbaycan hökumətinə gətirdiyi faydalardan da danışmışdı: “Azərbaycan AŞPA-da özünə xeyli tərəfdar toplayıb. Bunlar həm Azərbaycanın strateji müttəfiqləri – Türkiyə, Rusiya, Ukrayna kimi Azərbaycana oxşar siyasi problemlərə malik ölkələrin deputatlarıdır, həm də Assambleyanın üzvü olan ayrı-ayrı deputatlar. Assambleya üzvlərinin tez-tez Azərbaycana dəvət edilməsi də şübhə doğurur. Onların səfər xərcləri ödənir, ildə hətta iki dəfə Azərbaycana dəvət alırlar, hədiyyə qəbul edirlər. Sonra da həmin adamlar Azərbaycanda demokratiyanın vəziyyətini qiymətləndirən monitorinq qruplarının üzvü olur, gözlə görünən problemlərin mövcudluğunu inkar edirlər”.
AXCP sədri Nurəddin Məmmədli hesab edir ki, Azərbaycan hakimiyyəti uzun müddət özünün fırıldaqçı siyasətini həm də kürü paylamaqla davam etdirib: “Gəlin, etiraf edək ki, uzun illər dünyanın ən məhşur lobbi təşkilatları Azərbaycan hakimiyyətinin müsbət imicini formalaşdırmaq üçün ciddi səylər göstəriblər. Amma artıq bu cür siyasət artıq yerimir. Çünki vaxtilə müxalifətin apardığı mübarizə, xüsusən də Əli Kərimlinin bir dəfə Qərb ölkələrinə səfəri dünyanı idarə edən mərkəzlərin, nüfuzlu beynəlxalq təşkilatların, Qərb diplomatiyasının nəzərinə çatdıra bildi ki, Azərbaycan hakimiyyətində təriflənəcək heç nə yoxdur. O təriflərin arxasında bir qayda olaraq rüşvət dayanır. Bir neçə ay əvvəl AŞPA-nın iclasında iştirak edən Leyla xanım demişdi ki, artıq Assambleyanın deputatları Azərbaycan hakimiyyətinin nümayəndələrindən uzaq gəzirlər. Onlarla heç kofe belə, içmək istəmirlər ki, adları rüşvət qalmaqalında hallanar. Halbuki vaxtilə bizim deputatların yanından uzaqlaşmırdılar. Yəni artıq bu siyasət öz perspektivini itirib”.
N.Məmmədlinin sözlərinə görə, Almaniyanın nüfuzlu xadimləri artıq neçənci dəfədir ki, Azərbaycanın rüşvət siyasətini ifşa edən açıqlamalar verirlər: “Bu o deməkdir ki, bu hakimiyyətə lobbiçilik edən qrupların Avropa strukturları üzərindəki təsir imkanları getdikcə məhdudlaşacaq. Ona görə də, Azərbaycan hakimiyyəti qeyri-qanuni addımlardan imtina edib ölkədə demokratik islahatlar aparmalıdır. Əks halda həm xalqı, həm özlərini faciəyə sürükləyəcəklər”.