YAP iqtidarı Saakaşvilinin məğlubiyyətini İlham Əliyevə siqnal kimi qəbul edib
Hakimiyyət dəhlizlərində düşünürlər ki, Gürcüstan prezidentinə güzəşt tanımayan Qərb Əliyevin 3-cü dəfə namizədliyilə heç bir halda barışmayacaq
Azərbaycan hakimiyyəti Gürcüstan seçkilərinin nəticələrindən ciddi narahatdır. Bu barədə “Azadlıq”a hakimiyyətdaxili mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hakimiyyətin narahatlığı Qərbin hətta Gürcüstan prezidenti Mixail Saakaşviliyə güzəştə getməməsi ilə bağlıdır:
“Beynəlxalq təşkilatların və Qərb ölkələrinin rəhbər şəxsləri Azərbaycana səfərləri 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkisinə prinspial yanaşılacağı barədə dəfələrlə mesaj veriblər. Hər dəfə növbəti prezident seçkisinin Azərbaycan demokratikləşməyə xidmət edəcəyini xüsusi vurğulayıblar. Bu, diplomatik dildə seçkinin azad və ədalətli keçirilməsinə işarədir. Eyni mesajlar Cənubi Qafqazın digər ölkələri, Gürcüstan və Ermənistana verilmişdi. Azərbaycan hakimiyyəti isə Qərbin bu mesajlarını əvvəlki tək qulaqradına vurmuşdu. YAP iqtidarı bunu ənənəvi tələb kimi qiymətləndirmişdi. Lakin Gürcüstandakı seçkilərdən sonra hakimiyyət təşvişə düşüb. Hər halda Qərbdə Mixail Saakaşvili Ilham Əliyevdən daha çox qəbul edilir. Amma bununla belə Qərb Gürcüstan prezidentinə güzəştə getmədi və Saakaşvili seçkilərin nəticələri ilə razılaşmalı oldu”.
Mənbə əlavə edib ki, Azərbaycan hakimiyyətində Gürcüstanda baş verən proseslərin rəsmi Bakı üçün ciddi siqnal hesab edirlər. Iqtidar düşərgəsində düşünürlər ki, bu halda Qərb Ilham Əliyevin 3-cü dəfə namizədliyini qəbul etməyəcək. “Azərbaycan hakimiyyəti problemin nə qədər dərin olmasının fərqindədir. Lakin hələ ki, iqtidar nə edəcəyini bilmir”, -deyə mənbə vurğulayıb.
Hikmət