“Fəxri adları qarpız, yemiş kimi paylayırlar”

Tanınmış rejissor Mədəniyyət Nazirliyinə ittihamlar yağdırdı

“Mədəniyyət Nazirliyi fəxri adları qarpız, yemiş kimi paylayır”. Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında tanınmış rejissor, xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bildirib ki, milli-mənəvi dəyərləri qorumağa borclu olan dövlətin başı başqa işlərə qarışıb:
“Başa düşə bilmirəm Mədəniyyət və Turizm Nazirliyi hansı işlə məşğuldur? Nazirin başı ev, fəxri ad paylamağa qarışıb. Bu nazirliyin məsul işçiləri hara baxırlar. Filankəsi gətirib filankəslərlə tay tutanda bilmirdilər ki, axırı belə olacaq?!”.
“Azadlıq”a açıqlamasında tanınmış şair Musa Yaqub Şeyxin iradlarını haqlı saydığını bildirib: “Şeyx Əbdülün fikirləri tamamilə düzgündür. Fəxri adı heç bir təmənna güdmədən iş görən, işinin qədrini bilən adama verməlidilər. Bu da Mədəniyyət Nazirliyinin işidir. Adamı adamdan seçmək lazımdır. Düzdür, adları verən hökumətdir. Amma gərək nazirlik də düzgün təqdimat göndərsin. Kim layiqdirsə, ona verilsin. Amma təəssüf ki, bu belə deyil. Sənət bir kənarda qalır, kimin kimlə münasibəti var ona da ad verir. Özləri istədikləri adamlar arasında paylaşdırırlar. Belə olmaz axı”.