Dindarların aksiyası: görünən və görünməyən mənzərə

Nə qədər gözlənilmədən baş tutsa da, dünənki aksiyanın aydın mənzərəsini dərhal ala bildik. Fotolar və videolar hadisənin necə cərəyan etdiyini ətraflı göstərə bilirdi. Təkrar-təkrar baxdıqda bir şeyin heç dəyişmədiyi dərhal görünür…
Görünən mənzərə: əlibağlı adamı döyən polislər
Görüntülərdən bəlli olur ki, aksiyaçılar sadəcə polislərin maneələrini aşmağa çalışır, onların qabağını alır, yaxud onların əlindən kimisə alarkən polislərlə toqquşurlar. Amma polisin addımları ilkindən sonacan yenə utancverici dərəcədə qaba, kobud, haqsız, qeyri-mədəni və qeyri-qanunidir.
Tutaq ki, aksiyaçılar polislərə tabe olmayıb, yaxud onların birinin başına plakatın tutqacı olan ağacla vurublar, amma bu polislərə haqq vermir ki, artıq saxladıqları aksiyaçını dövrəyə alıb təpikləsinlər. Yerə yıxılmış adamı 6-7 nəfər necə təpikləyə bilər? Yaxud görürsən ki, kimisə artıq iki nəfər tutub aparır, o da müqavimət göstərmir, amma polislərdən, yaxud onların yanındakı mülki geyimlilərdən kimsə əlləri arxadan tutulmuş bu adamın başına dəyənəklə zərbə vurur. O da ya “allahu-əkbər!”, ya da “ay ana!” deyə qışqırır, yerə yıxılır. Yəni polisə artıq tabe olmuş adamı da döyürlər…
Bu nə vəhşilikdir, bu nə qaydadır, bu nə taktikadır? Bu adamlara polis, onları iş başına çıxarana isə dövlət deməyə adamın dili gəlmir. Əli-qolu yanında olan adamı yerdə necə döymək olar? Kim sizə bu haqqı verib? Kim sizə icazə verib ki, insanların dinc aksiyasını bu cür hala gətirib, bu şəkildə dağıdasınız? Heç bir hal sizə qanun və qaydalardan kənara çıxmağa haqq vermir.
Həm də bunlar vəziyyəti qəsdən dramatikləşdirməyə də oxşayırdı.
Görünməyən mənzərə: hakimiyyətin öz oyunu varmı?
Ictimaiyyətdə bir fikir geniş yayılıb ki, bu aksiyanın arxasında hakimiyyətin özü durub. Heç o dindarların xəbəri də yoxdur bundan. Heç polislərin də. Çox mülahizələr var. Çox fikirlər var. Amma biz bir şeyi bilirik ki, bu hakimiyyətdən hər şey gözləmək olar. Onu yaxşı tanıyırıq. Onun nə oyunlardan çıxdığını bilirik. Elə bu oyuna da gedər. Daim Qərbə “biz olmasaq, dindarlar gələcək” mesajını vermək üçün, elə Gülər Əhmədova biabırçılığını unutdurmaq, gündəmi dəyişmək üçün və s.
Odur ki, əksəriyyət bu aksiyalar barədə ehtiyatla danışır, müəmmaya qərq olur. Zatən də bunlar elə vəziyyət yaradıb ki, ağı-qaradan seçmək də müşkülə dönüb.
Amma bu fərziyyələri qətiyyətlə kənara atsaq, yenə də səbəbkar hakimiyyətin özüdür. Vəziyyəti onlar bu duruma gətirib. Məktəbi və azadlıqları məhv etməklə. Ədaləti, hüquqları məhv etməklə…
Məktəbsizlik, saxtakarlıq və oğurluq siyasətinin nəticəsi
Seçkini saxtalaşdıran, deputat mandatını satan bu hakimiyyət ölkədə mütərəqqi, humanist həyatı məhv edib. Normal təhsil ala bilməyən gənc hər yanda ədalətsizliklə üzləşir. Özünə həyat qura bilmir, ölkədən baş götürüb qaça bilmədikdə isə problemlər hər yandan onu boğur. Bu halda dindar gənclər radikal qrupların da təsirinə düşür, hətta xarici qüvvələrin də. Onları bu yola bizim hakimiyyət itələyir əslində. Sonra da şikayət edirlər bundan. Məktəbi açmaq əvəzinə, məscidi bağlayırlar. Hüquqları, azadlıqları qaytarmaq əvəzinə qadağalar yaradır. Üstəlik, yaranmış situasiyadan da faydalanmaq istəyirlər. Özlərini Qərbə mütərəqqi və dünyəvi qüvvə kimi qələmə vermək istəyirlər. Gündəmi qarışdırır, xalqın başını qatırlar…
Halbuki avropalı deputatlara, diplomatlara kürü daşıyan bu hakimiyyət bu problemləri özünün yaratdığını, insanları necə boğduğunu, cana doydurduğunu da yaxşı bilir. Ona bu cür sərf edir. Cəmiyyəti də parçalamış olurlar, dindarları ümumi azadlıqlar uğrunda mübarizədən ayırırlar. Bundan ölkənin gələcəyi üçün hansı təhlükələrin yaranması isə veclərinə deyil.
Yalnız dünyəvi demokratik cəmiyyət…
Anlaşılmalı olan budur: yalnız demokratik cəmiyyətdə dindarlar basqıdan qurtula biləcək. Yalnız dünyəvi demokratik dövlətin inancı qoruyur. Yalnız bu halda Azərbaycan bu qayğılardan qurtula bilər. Indiki saxta hakimiyyət isə dünyəvi deyil, o, heç kimin haqqını tanımır.