APA-nın apardığı araşdırma bir çox mətləbləri üzə çıxarıb. Məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinin balansına verilməsindən 9 ay keçir. Ilk baxışdan proses çox sadə görünsə də, ötən müddətdə uşaq bağçalarının sonrakı inkişafına yönəlik prioritetlər hələ ki, açıqlanmayıb. Bu da ictimaiyyətdə və valideynlərdə narahatlıq yaradır. Hələlik görünən budur ki, uşaqlarını bağçalara yerləşdirmək istəyən valideynlər ciddi çətinliklərlə üzləşir. Xüsusən paytaxt Bakıda bağça çatışmazlığı problemi lap qabarıq görünür…
Ölkə prezidentinin ötən il dekabrın 27-də verdiyi sərəncamla ölkədəki məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Prezidentin bu il mayın 11-də verdiyi sərəncama əsasən isə, Bakı şəhəri üzrə Təhsil Idarəsinin (BŞTI) sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri Idarəsi yaradılıb. Ötən il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞIH-ə verilib.
Ölkənin 70 faizində isə məktəbəqədər müəssisə yoxdur.
Qeyd edək ki, Təhsil Nazirliyinin bu ilin əvvəlində açıqladığı məlumatlara əsasən, son 4 ildə ölkə üzrə 37 yeni uşaq bağçası inşa olunub, 54 müəssisə əsaslı təmir edilib, 2 müəssisədə bərpa-gücləndirmə işləri aparılıb, 184-ü isə müasir avadanlıqlarla təchiz olunub. Nəticədə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 103 mindən 113 minə yüksəlib.
Nazirliyin statistikasına əsasən, ölkə üzrə 5 yaşlıların yalnız 26 faizi icbari məktəbə hazırlığa cəlb olunub, Azərbaycanın yaşayış məntəqələrinin 70 faizində isə məktəbəqədər müəssisələr yoxdur. Məhz buna görə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sahəsində hədəfləri sırasında məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması, 5 yaşlıların icbari məktəbə hazırlığının təmin edilməsi, məktəbəqədər təhsil sahəsində yeni təhsil proqramının (kurrikulumun) tətbiq edilməsi, ölkə üzrə erkən yaş dövrü üzrə təhsil müəssisələrinin (bələdiyyə, icma, özəl, ailə bağçaları) yaradılması, onların fəaliyyəti üzrə dəstəkləyici və stimullaşdırıcı mexanizmlərin hazırlanması kimi məsələlər yer alıb.
Uşaq Hüquqları üzrə QHT Alyansının Idarə Heyətinin sədri Nazir Quliyev APA-ya bildirib ki, məktəbəqədər təhsil Azərbaycanda problemli məsələyə çevrilib: “Halbuki, bir sıra ölkədə məktəbəqədər təhsil təhsilin əsas bünövrəsi hesab olunur. Hətta bir müddət əvvəl yapon alimləri uşaq bağçalarına gedən və getməyən uşaqların sonrakı inkişafı ilə bağlı tədqiqat aparıblar. Məlum olub ki, kiçik yaşlarından uşaq bağçalarına gedən uşaqların daha çox uğur qazanmaq imkanları olur, onlar psixoloji gərginlikdən azad olur, cəmiyyətdə özlərini təsdiq etmək imkanları, dünyagörüşləri artır. Bu baxımdan məktəbəqədər təhsil bizim üçün çox vacibdir”.
Standartlara gəlincə, hazırda dövlət bağçasında 1 uşağın 1 günlük ərzaq norması 1 manat 65 qəpik nəzərdə tutulub. Nazirlər Kabinetinin standartlarına əsasən isə, həmin məbləğ 3 manatdan yuxarı olmalıdır. Hazırda bağçalarda 1 uşağın günlük ərzaq normasının həmin məbləğə çatdırılması istiqamətində də işlər aparılır.
Sosial şöbə