Çərşənbə günü axşam AŞ PA payız sessiyasının plenar iclasında alman deputat Kristofer Ştrasserin məruzəsi əsasında “siyasi məhbus anlayışının tərifi”nə dair qətnamə qəbul edib (contact.az).
Dərhal Ştrasserin hesabatında siyasi məhbus anlayışının tərifinin necə müəyyən edildiyini yazıb, sonra mövzumuza keçək:
a) fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə, azadlıqdan məhrum edilən şəxsə “siyasi məhbus” kimi baxılmalıdır.
b) əgər saxlama istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;
c) həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;
d) əgər vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Bunu ona görə dərhal yazdım ki, çox vaxt söhbətin nədən getdiyi oxucuya çatmır və adamda elə təəssürat yaranır ki, burada bütün dava-qırğın kimisə tərifləyib-tərifləməməyin üstündə gedir. Tərif sözü də gözə dəydimi, anında elə zənn eləməyə başlayırsan ki, Avropa Şurası Əliyev hakimiyyətini necə tərifləməyin yollarını düşünür, götür-qoy eləyir və bu, elə cahanşümul məsələyə çevrilib ki, o boyda Avropanın deputatları işini gücünü atıb, bu tərifin yollarını tapmaq istəyirlər.
Əslində isə məsələ qəliz olduğu qədər sadədi. Daha doğrusu, mən bu söhbəti belə başa düşürəm: Kristofer Ştrasser adlı alman deputat çoxdan bəridi ki, siyasi məhbuslarla bağlı məruzəçi təyin olunub. Özü də Azərbaycan üzrə. Ancaq özünü öldürsə də, Azərbaycan hakimiyyəti onu bu ölkəyə buraxmır, ona məruzəçi kimi viza vermir. Deyir, xoşundusa sənə turist vizası verərik. Yəni gəl, ye-iç, kef elə, gedəndə də zənbilini necə lazımdı dolduraq, çıx get, balalarının başını saxla. Əks halda təxminən Gülər Əhmədova kimi belə demiş olmalı: “Siz hələ tanımırsız mən kiməm!!!”. Ştrasser də inadına salıb turist kimi yox, məhz məruzəçi kimi gəlmək istəyir. O, bir şəxsin siyasi məhbus olmasını müəyyənləşdirən kriteriyalar tərtib edib və iyun ayının 26-da hesabat dərc edib. Həmin gün o, həmçinin ikinci bir hesabat dərc etdirib və Azərbaycan məhbəslərində 90 nəfərin siyasi məhbus olmasının mümkünlüyünü iddia edib (BBC Azərbaycanca).
Onun hazırladığı məruzələri burnundan vurub geri qaytarırlar. Çünki AŞ-ın deputatlarından çoxu Azərbaycana turist kimi gəlib-gedib, zənbilləri doldurulub və s. Üstəlik Azərbaycan bu deputatların zənbilini neftlə doldura-doldura ayağını qeyzlə yerə döyüb bildirir ki, əvvəla bizim ölkəmizdə siyasi məhbus yoxdu, ikincisi bu “siyasi məhbus” anlayışı aydın deyil. Azərbaycan hökumətinin lobbilərinin səyi ilə Hüquq məsələləri və insan haqları Komitəsində bir qrup deputat öz düzəlişlərini təklif ediblər ki, həmin düzəlişlərə əsasən siyasi məhbus tərifi Avropa Insan Hüquqları Məhkəməsinin səlahiyyətinə verilməlidir. Lakin deputatların bir çoxu bunun əleyhinə çıxaraq bildiriblər ki, belə olan halda qətnamə öz əhəmiyyətini itirəcək. Əlbəttə, səlahiyyətin Avropa Məhkəməsinə verilməsini Azərbaycan tərəfinin nədən belə möhkəm arzulaması anlaşılandı, çünki bu məhkəmənin bir işə neçə ilə baxdığı kimsəyə sirr deyil. Elə hakimiyyətə də bu lazımdı.
Ştrasserin, eləcə də onun hesabatını dəstəkləyənlərin prinsipiallığı alqışa layiqdi. Çünki əks təqdirdə onlar da başqa deputatlar kimi, Azərbaycan xalqının taleyinə tüpürüb olmayan bığlarını qara kürü ilə yağlar, kişiliklərinin artdığını hiss edərdilər. Elə Frederike Riesin dediyi kimi: “Biz bu gün bu qətnaməyə səs verməsək, bu insanlara haqq veririk ki, lobbiçilik, şantaj, hədə və ya ”kürü” yolu ilə bu qurumun siyasi məhbuslarla məşğul olmasına son qoysunlar…”.

“Qara kürü” əməliyyatının sonu
•
•