ABŞ-ın nüfuzlu dərgisi vicdan məhbusunu dünyanın 12 “adsız qəhramanı”ndan biri kimi təqdim etdi
ABŞ-ın nüfuzlu siyasi dərgilərindən biri “The Foreign Policy” vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi İsgəndərlidən yazıb. Müəllif Tom Malinovski qələmə aldığı məqalədə dünyanın müxtəlif ölkələrində insan haqları və demokratik dəyərlər uğrunda mübarizə aparan, lakin bir o qədər də tanınmayan ictimai fəallardan bəhs edib. “Adsız qəhrəmanlar” başlıqlı məqalədə ümumbəşəri ideyalar uğrunda savaşan və antidemokratik rejimlərin hədəfinə çevrilən 12 ictimai fəal barədə qeydlər yer alıb.
“Dünyada ədalətsizliyə qarşı qəhrəmancasına mübarizə aparan dissidentlər çoxdur. Lakin bəziləri barəsində kifayət qədər məlumatımız yoxdur. Ancaq bu o demək deyil ki, biz onları unutmalı və barələrində heçnə bilməməliyik”, – deyə yazan müəllif vicdan məhbusu Vidadi İsgəndərlidən də söz açıb. Tom Malinovski Vidadi İsgəndərlinin Azərbaycanda tanınmış hüquqşünaslardan biri olduğunu və ölkədə demokratiyanın müdafiəsi istiqamətində fəal çalışdığını bildirib. Müəllif vicdan məhbusunun ifşaedici materiallar yaydığına, hakimiyyət orqanlarını tənqid etdiyinə görə əsassız ittihamlarla həbs olunduğunu yazıb.
“Vidadi İsgəndərov Azərbaycanda demokratiyanın və insan haqlarının müdafiəsiylə məşğul olan hüquqşünaslar arasında aparıcı simalardan biridir. O, fırıldaqçı şirkətlər tərəfindən aldadılan və mənzilləri əlindən alınan sadə insanları, polis gücünə yaşadıqları evlərindən qovulan vətəndaşları müdafiə edirdi. Vidadi İsgəndərov 2011-ci ildə 2010-cu il parlament seçkilərinə müdaxilə etməkdə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Əslində onun günahı seçkilər zamanı baş verən qanun pozuntuları barədə polis və prokurorluq orqanlarına şikayət ünvanlamasıdır. O, qanun pozuntularını göstərən tutarlı sübutlar, videomateriallar təqdim etsə də, hökumət göstərilən faktları araşdırmadı. Əksində ittihamlar onun özünə qarşı çevrildi”, – deyə Tom Malinovski “The Foreign Policy”-də yazıb.
İnformasiya şöbəsi