Suriya hökuməti oktyabrın 3-də atdığı top mərmilərinin Türkiyənin Ağçaqala qəsəbəsinə düşməsi və nəticədə 5 nəfərin ölümünə səbəb olmasına görə Ankaradan üzr istəyib. Bu barədə Türkiyə baş nazirinin müavini Bəşir Atalay məlumat verib. Atalay deyib ki, Suriyanın informasiya naziri Əl Zubi türk xalqına başsağlığı göndərib.
“Suriya Ağçakalada 5 nəfərin ölümünə görə məsuliyyət daşıdığını qəbul edib üzr istədi. Belə bir hadisənin bir daha təkrarlanmayacağını söylədi. Bu yaxşıdır”, – deyə Atalay bildirib.
Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İran prezidentinin birinci müavini Məhəmməd Rza Rahimi ilə Ankarada görüşündən sonra keçirdiyi brifinqdə Suriya hökumətinə sərt mesajlar ünvanlayıb.
“Qətiyyətimizi yoxlamasınlar. Qəza deyirlər. Səkkiz dəfə də qəza olar? Bundan əvvəl də yeddi dəfə oxşar hücumlar oldu. O bölgədən vətəndaşlarımızı çıxarmağa məcbur olduq, səbrlə dözdük.
Ağçaqalada baş verənləri hərbi əməliyyatların sərhədi aşması kimi təsadüfi bir hadisə saya bilmərik. Burada milli təhlükəsizliyimizə qarşı bir hücuma, təxribata məruz qalmışıq. Olaydan dərhal sonra adekvat cavab verilib və bəlirli hədəflər vurulub.”
Ərdoğan Dəməşqə sərt mesajlar verdi; Suriya üzr istədi
•