İranda üsyan ola bilər

Vəfa Quluzadə: «İqtisadi durumdan narazı insanların üsyanına müxalifət də qoşula bilər»

İranda iqtisadi vəziyyətin ağırlaşması etirazların baş qaldırmasına səbəb olub. Tehran küçələrinə axışan insanlar hökumətin istefasını tələb edir. Etirazçılar Iran hökumətini Suriyadan əl çəkməyə və xalqı barədə düşünməyə çağırıb. Narazılıqların yaranmasının əsas səbəbi isə Iran rialının məzənnəsinin ABŞ dollarına nisbətən 30 faiz düşməsi nəticəsində ərzaq məhsulları və digər malların bahalaşmasıdır.
Uzun müddətdir iqtisadi sanksiyalara məruz qalan Iranda vəziyyətin pisləşməsi gözlənilən idi. Ancaq Iran hökuməti problemləri aradan qaldırmaq əvəzinə daha çox Suriya hökumətinə kömək etmək barədə düşünür. Bu günlərdə dünya mətbuatında Suriyada iğtişaşlar başlayandan sonra Iranın Əsəd hökumətinə 10 milyard dollarlıq yardım etdiyi barədə məlumatlar yer aldı. Bu da ölkə iqtisadiyyatına əlavə zərbələr vurur. Bütün bunlar Irana nə vəd edir?
Politoloq Vəfa Quluzadə embarqolar nəticəsində Iranın iqtisadi baxımdan xeyli gerilədiyini deyir. Ucuzluq olan ölkə kimi tanınan Iranda kəskin bahalaşma var. Bu da insanlarda vahimə yaradır ki, bunun axırı hara gedir: “Bir yandan hədə-qorxu var, hər gün Iranın bombardman edilməsi məsələləsi müzakirə olunur. O biri yandan əhalinin güzəranı pisləşir. Xalq burda Amerikanı axtarmır, öz hökumətini axtarır. Çünki bu hökumətin siyasətinin nəticəsində ölkə bu günə düşüb”.
Ekspert Iran xalqının hakimiyyətin əleyhinə üsyan edə biləcəyini də istisna etmir. Iqtisadi durumdan narazı insanların üsyanına müxalifət də qoşula bilər. Öz növbəsində Qərb Iranda öz oyunlarını oynaya, istədiklərini edə bilər. Çünki Qərbin məqsədi Irandakı hakimiyyəti dəyişməkdir və buna iqtisadi yollarla nail olmağa cəhdlər var. Ola bilsin bu cəhd öz nəticəsini verəcək: “Buna müqavimət göstərmək mümkün deyil. Çünki xalq görür ki, hakimiyyətin, Əhmədinejadın, onun məmurlarının vəziyyəti yaxşıdır. Amma xalqın vəziyyəti pisdir. Bütün bunlar Iran üçün mənfi nəticələr verə bilər”.
V.Quluzadənin sözlərinə görə, Iran Suriyaya kömək etməklə öz vəziyyətini çətinləşdirir. Çünki heç bir halda Bəşər Əsədi hakimiyyətdə saxlaya bilməyəcək. Bunu Iran rəhbərliyi əvvəldən hesablamalı və xalqın pullarını döyüşlərdə, toqquşmalarda yandırmamalı idi: “Iran bir yandan Livanda Hizbullahı saxlayır, o biri yandan da Suriyada bütün əməliyyatlarda Iranın rolu var. Bu rol da puldu. Çünki müharibənin qan damarı puldu. Qərb Bəşər Əsədi mühasirəyə alıb, xaricdəki pullarını dondurub. Amma Iranla Rusiya Bəşər Əsədi birtəhər saxlamağa ümid edirlər. Ancaq saxlaya bilməyəcəklər”.
Ekspertin fikrincə, prosesin uzanması Qərbin xeyrinədir. Çünki orda Iranla Rusiyanın pulları xərclənəcək və onlar zəifləyəcək.

Fizzə