“Nikoil” bankın Bakı filiallarında Vergilər Nazirliyi yoxlama həyata keçirir. Yoxlamalar ötən həftədən başlayıb. Etimal olunur ki, yoxlama bu yaxınlarda “Azadlıq” qəzetində “Nikoil” bankla bağlı işıqlandırılmış məqalələrdəki faktlarla bağlıdır.
Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, yoxlamanın nəticələri bank üçün xoşagələn olmayıb. Bu barədə müfəssəl informasiya əldə edən kimi ictimaiyyəti məlumatlandıracağıq.
“Azadlıq” ötən günlər ərzində bir neçə dəfə Vergilər Nazirliyilə əlaqə saxlayaraq, yoxlamanın rəsmi nəticəsini öyrənmək istəsə də, zənglərimizə cavab verən əməkdaşlar müəmmalı şəkildə danışmaqdan yayınıb, əksər hallarda telefonu söndürüblər. Nazirliyin bu mövqeyi isə istər-istəməz banka münasibətlə bağlı müəyyən şübhələr yaradır.
Xatırladaq ki, qəzetimizin ötən saylarından birində “Nikoil” bankın ağır günlər yaşadığını, düşdüyü böhrandan çıxmaq üçün yüzədək işçidən məcburi qaydada işdən çıxmaq barədə ərizə alındığını xəbər vermişdik. Qeyd olunmuşdu ki, bank qanunsuz olaraq çıxardığı bu işçilərlə bağlı xilas yolu kimi, analoqu olmayan addım atıb – məcburi şəkildə təxminən 100-ə qədər işçisindən işdən çıxmaq barədə ərizə alınsa da, onların bankda fəaliyyəti dayandırılmayıb. Onlar yenə də əvvəlki kimi işləməkdə davam ediblər, ancaq əmək müqaviləsi olmadan. Həmin işçilərlə sadəcə, “xidməti müqavilə” bağlanıb. Bu isə qanunvericiliyə ziddir. Çünki qanuna görə, işçi ilə işəgötürən arasında faktiki əmək münasibətləri hökm sürürsə (“Nikoil”də olduğu kimi), xidməti müqavilənin bağlanması qadağandır, bu halda, əmək müqaviləsi bağlanmalıdır.
Informasiya şöbəsi